• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 09.11.2015 16:51

Gəncədə qızılın qiymətinin aşağı düşməsinə rəğmən alıcılıq qabiliyyətinin zəif olmasına səbəb nədir?

Gəncədə qızılın qiyməti aşağı düşür. Lakin buna baxmayaraq, alıcılıq qabiliyyəti zəifdir. Bütün bunlar hansı səbəbdən baş verir, daha ətraflı qarşıdakı materialdan öyrənə biləcəyik.

Gəncənin qızıl alqı-satqısı ilə məşğul olan ticarət obyektlərində qızılın qiymətində ilin əvvəlinə nisbətən 15-20 faiz ucuzlaşma var. Lakin buna baxmayaraq alıcılıq qabiliyyəti zəifdir. Əvvəllər satıcılar gün ərzində 3 min manatlıq qızıl satırdılarsa, indi bu rəqəm 500 manata düşüb. Satıcıların sözlərinə görə, ən çox tələbat Rusiya, Türkiyə, eləcə də İtaliya istehsalı olan qızıllaradır.

Kənan Qasımov- satıcı: “585 əyarlı qızıl bizə Türkiyədən gəlir, bir də burada əldən alınmış qızıllar olur. Türkiyədən gələn qızılın qiyməti bu gün 26-27 manatdır, əvvəl isə 28-29 manat idi. Əldən alınan qızıl isə əvvəl 23 manat idi, indi alırıq 21 manata. Onların da hər birinin qramının üstünə 2-3 manat qoyub, satırıq. 750 əyarlı qızılı 15-20 gün əvvəl alırdıq 28-29 manata, bü gün alırıq 26-27 manata”.

Qoşqar Səfərov- satıcı: “83 əyarlı qızılın qramını bü gün alırıq 20 manata, satırıq 22 manata. 585 əyarlını isə alırıq 29 manata, satırıq 30-31 manata. Alıcılıq qabiliyyəti isə yoxdur. Əvvəllər gün ərzində 1-2 ədəd qızıl satırdıq, indi aylarla sata bilmirik”. 

Müstəqil ekspert Məsim Abadovun sözlərinə görə, hazırda alıcılıq qabiliyyətinin zəifləməsi Məhərrəm ayında toyların az olması ilə əlaqədardır.  Ancaq ümumilikdə qızılın qimətinin bu qədər aşağı düşməsi o qədər də yaxşı hal deyil.

Məsim Abadov- müstəqil ekspert: “Bü gün o qızılı satan əhali maliyyə durumunu yaxşılaşdırmaq üçün edir. Əvvəllər əhali müəyyən məmulatını satıb minimum ehtiyatını ödəyirdisə, bü gün məmulatlarının sayını nisbətən artırmalıdır ki, minimum ehtiyatlarını ödəyə bilsin. Bu mənada, əhali üçün qızılın pula çevrilməsi prosesi ziyandır. Qalxma ehtimalı ancaq dünya bazarından asılıdır. Ümumiyyətlə, müharibələr şəraitində, iqtisadi böhranlar şəraitində həmişə qızılın qiyməti düşür”.

Qeyd edək ki, üzərində brilliant qaşı olan qızıl məmulatlarının qiymətində isə heç bir dəyişiklik yoxdur.

Elnur Vahidoğlu