• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2206
— 09.11.2015 16:42

Zirvələrə yüksəldikcə xalqımın boyunəyməzliyini dönə-dönə sübut edən bayraq...

"Bir kərə yüksələn bayraq, bir daha enməz." Şanlı tarixin şahidi olan 97 yaşlı dövlət bayrağı bu gün Müstəqil Azərbaycanın başı üzərində dalğalanır. Dalğalanır və azadlıq eşqi ilə çırpınan qəlblərin əsarət altında yaşaya bilməyəcəyini bir daha sübut edir.

Bayraq... Bir xalqın başı üzərində dayanan, azadlığı, müstəqilliyi tərənnüm edən, dalğalandıqca qəlbi qürur hissi ilə dolduran bayraq... Zirvələrə yüksələn, yüksəldikcə, yüksəldildikcə xalqımın boyunəyməzliyini bir daha, dönə-dönə sübut edən bayraq...

Neçə-neçə oğulların, qızların qanı çilənib üzərinə. Bəlkə elə bu səbəbdəndir bağrının al qırmızı olması. Bəlkə elə bu səbəbdəndir bu qədər gözəl dalğalanmağın. Səmada hər an azadlıq eşqi ilə çırpınmağın. Bir daha enməmək üzrə yüksəlmən, başı dik, qürürla dayanmağın.

Yüksəl və dalğalan bayrağım! Dalğalan ki, hər sənə baxdıqda biz də xatırlayaq... Sən azad dalğalanasan deyə - torpağa can qoyanları.

Sən əsirlərin yadıgarısan... Keçmişin izləri var üzərində... Vətənə - can deyib, canını verənlərin nəfəsi var küləyində...

Dalğalan və dik dayan ki, biz də başımzı dik tutaq. Sən müstəqil xalqın başı üzərində azad dalğalanasan deyə şəhid olanları unutmayaq. Başımızı uca tutaq, onlar üçün ağlamayaq, qürurlanaq! Onlar Ana vətən taptalanmasın, əzilməsin, sınmasın deyə can verdilər torpağa. Onların mübarizəsi analar, bacılar, körpələr ağlamasın deyə idi. Sən dalağalan, dalğalan ki, vətən torpağında yatan "naməlum"lar tək olmadıqlarını bilsinlər.

Dalğalan ki, biz də bilək. Bilək ki, onlar borclarını ödəyib getdilər. İndi bütov Azərbaycan yaratmaq və səni, bayrağım, səni Qarabağda dalğalandırmaq bizim onlar qarşısında - borcumuzdur!

Gülnar Fazilqızı