• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 16.09.2014 17:39

Gəncəli paralimpiyaçı cüdo üzrə dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Gəncəli paralimpiyaçı Ramil Qasımov cüdo üzrə dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1 saylı Uşaq Gənclər İdman Məktəbindən əməkdar məşqçi Əli Hacıyevin yetirməsi olan Qasımov ABŞ-ın Kolorado ştatının Sprinq şəhərində keçirilən yarışda qızıl medal qazanıb.

 

Cüdoçu 73 kq çəki dərəcəsində mübarizə aparıb. O, uğura aparan yolda 4 görüş keçirib. Bir-birinin ardınca Cənubi Koreya, Özbəkistan və Ukraynalı rəqiblərini məğlub edib.

ABŞ-dakı dünya çempionatı 2016-cı ildə Braziliyada düzənlənəcək Paralimpiya oyunlarına vəsiqə verdiyindən 4 illiyin ən böyük yarışına lisenziya xarakteri daşıyıb.

Vaxtilə Pekin Olimpiadasında iştirak etmiş tatami ustası ötən ilin sonlarından başlayaraq paralimpiyaçılar arasında çıxış edir. Qasımovun paralimpiya yarışlarında debütü  2013-cü ilin dekabrında Macarıstanda reallaşan Avropa çempionatına təsadüf edib. Mundialda olduğu kimi Ramil qitə birinciliyində də qızıl mükafata sahib olub.