Bu günə xəbərlərin oxunma sayı: 1170
— 09.11.2015 11:02

Qürurla dalğalanan bayraq....

Bayraq bir millətin varlığının sübutu, tarixinin göstəricisidir. Onun qiyməti təmsil etdiyi millətin dəyəri ilə ölçülür. Bayraq dövlətin hakimiyyətini, müstəqilliyini, şərəf və ləyaqətini təmsil etdiyindən daim müqəddəs hesab edilir. Bu gün qeyd etdiyimiz Bayraq günündə iftixar hissi keçiririk, sevinirik ki, dövlət bayrağımız dünyanın bütün qitələrində mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır, dünya azərbaycanlılarını bu müqəddəs bayraq bir amal uğrunda birləşib, monolit qüvvəyə çevrilməyə səsləyir.

Əsası Gəncədə qoyulan Azərbaycan Xalq Cümhuriyyəti bir müddət sonra baş verən tarixi hadisələr nəticəsində Bakıya köçür və burada fəaliyyətini davam etdirən hökumət 9 noyabr tarixində dövlət bayrağı haqqında ikinci qərarı verir. Həmin qərara əsasən -mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzində ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq milli dövlət rəmzi kimi qəbul edilir. Dövlət bayrağı Azərbaycan xalqının türk mənşəli, müasirləşmə və inkişaf tərəfdarı olmasını və islam dininə mənsubluğunu əks etdirir.  

1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq varlığına son qoyulur. Bununla da Azərbaycan xalqının azadlığı əlindən alınır, dövlət bayrağı endirilir. 71 illik əsarət dövründə Azərbaycan SSRİ-nin bayrağı 6 dəfə dəyişdirilib. Bir neçə il fasilələrlə dəyişdirilən bayraqlar öz rəngləri ilə nə türkçülüyü, nə də islamiyyəti əks etdirə bilməzdi. Lakin öz tarixinə, milli- mənəvi dəyərlərinə sadiq qalan Azərbaycan xalqı müxtəlif yollarla Xalq Cümhuriyyəti dövründə qəbul olunan bayrağın hafizələrdən silinməməsi üçün çalışıb. Müstəqillik əldə etdikdən sonra isə yenidən ölkəmizin başı üzərində bayrağımız dalğalanmağa başlayıb. Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi dövlətin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Həmrəylik, türkçülük, dini dəyərlərə hörmət, müasirlik rəmzi olan bayrağımız həm də milli birliyin simvoludur. Оnu bаşı üzərində ucа tutmаq, vüqаrlа dаlğаlаndırmаq hər bir аzərbаycаnlının şərəf bоrcudur. Üçrəngli bаyrаğımız qəhrəmаn bаbаlаrımızın qоyub gеtdiyi və bizə еtibаr еlədiyi ən böyüк, ən qiymətli yаdigаrdır.

 

Eşqin Zahid