• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 08.11.2015 13:56

Mətbuat işçiləri Naftalana səfər edib

Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycanda fəaliyyət göstərən qabaqcıl turizm şirkətlərinin birgə təşəbbüsü ilə mətbuat işçilərinin Naftalana media tanıtım turu təşkil olunub. Məqsəd Naftalanın turizm və sağlamlıq potensialının daha geniş şəkildə təbliğ olunmasıdır.

Tanıtım turunda respublikanın müxtəlif mətbu orqanlarında və televiziyalarında çalışan jurnalistlər iştirak edib. Tur iştirakçıları Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərindəki şəraitlə yaxından tanış olub, eləcə də dünya şöhrətli sehrli Naftalan neftinin istifadə qaydaları haqqında məlumat alıblar. Daha sonra “dəyirmi masa” şəklində davam edən görüşdə Naftalan neftinin kəşf olunmasından və bu günə kimi tibb elminə verdiyi töhfələrdən söz açılıb. Qeyd olunub ki, Naftalanda fəaliyyət göstərən sanatoriyalar 90-cı illərdən sonra durğunluq dövrü yaşasa da, son illərdə bu sehrli neftin dünyaya tanıdılması istiqamətində lazımi işlər görülür. Bu məqsədlə Azərbaycan hökumətinin təşəbbüsü ilə Naftalanda müasir standartlara cavab verən bir neçə sağlamlıq və istirahət məkanı tikilərək yerli və xarici qonaqların istifadəsinə verilib.

Ruslan Quliyev -Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək İB-nin sədri: "Naftalan bizim üçün model sağlamlıq turizm məkanı kimi daha aktualdır. Bildiyimiz kimi, sovetlər dönəmində də bu sanatoriyalarla bağlı böyük ənənələr olub. Bizim də əsas məqsədimiz strateji olaraq Naftalanı bir dünya brendi halına gətirərək, Azərbaycanda sağlamlıq turizmin effektlərindən istifadə edərək 12 ay turizmi aktual etməkdir".

Tədbirdə o da qeyd olunub ki, ərazidə müxtəlif yeni infrastruktur layihələr həyata keçirilərsə, eləcə də sanatoriya tipli obyektlərin sayı artırılarsa 3-4 il ərzində bura kütləvi şəkildə turist axını müşahidə olunacaq. Sonda media tanıtım turunda iştirak edən mətbuat işçilərinə sertifikatlar verilib.

Xaliq Qurbanlı