• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 06.11.2015 13:12

Kənd təsərrüfatı sahəsində süni mayalandırmanın inkişaf etdirilməsi məqsədilə yeni tədbirlər görülür

Kənd Təsərrüfatı yanında Respublika Süni Mayalandırma Mərkəzi ölkədə bu sahənin inkişaf etdirilməsi və yüksək ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədi ilə Hollandiyadan mütəxəssislər dəvət edib. Dəvət olunan mütəxəssislər 10 gün ərzində yerli kadrların nəzəri və praktiki hazırlıqlarını həyata keçirəcəklər.

Dövlətin kənd təsərrüfatında inkişafına maraqlı olduğu sahələrdən biri də süni mayalandırmadır. Belə ki, bu sahənin inkişafı, ölkədə məhsuldarlıq baxımından heç də əlverişli olmayan yerli heyvan sortlarının daha məhsuldar cins heyvanlarla əvəz olunması deməkdir ki, bu da öz növbəsində ölkədə heyvandarlığın inkişafında mühüm rol oynayır. Məhz bu səbəbdən də 2010-cu ildən etibarən Kənd Təsərrüfatı yanında Respublika Süni Mayalandırma Mərkəzi yaradılıb. Fəaliyyətə başladığı gündən etibarən mərkəz respublikanın müxtəlif regionlarında yüz minlərlə heyvanın süni mayalandırmasını həyata keçirib ki, bu da öz növbəsində cırlaşmaqda olan yerli sortların ətlik və südlük baxımından daha məhsuldar olan sortlarla əvəz olunması deməkdir. Süni mayalandırmanın inkişafı bu sahədə ixtisaslı kadrların yetişdirilməsini də vacib edir. Bunun üçün mütəmadi olaraq bu sahədə qabaqcıl ölkələrdən olan Hollandiya və Fransadan mütəxəssislər dəvət olunaraq yerli kadrların hazırlanması üçün nəzəri və praktiki treninqlər təşkil olunur.  

Ramiq Abbasov- Respublika Süni Mayalandırma Mərkəzinin direktoru: “Gördüyünüz kimi, Hollandiya dövlətindən bizə 3 nəfər mütəxəssis gəlib. Bu gün 4 gündür ki, treninqlər keçirirlər. Ayın 8-nə kimi treninqlər davam edəcək.  Bundan sonra hər ay 2 dəfə olmaqla kurslar təşkil olunacaq və bu kurslarda bölgələrdən mütəxəssislər dəvət olunaraq yüksək səviyyədə hazırlanacaqlar”.  

Mütəmadi keçirilməsi nəzərdə tutulan treninqlərdə iştirak edən mütəxəssislər 10 günlük praktiki məşğələlərdən sonra fəaliyyətə başlaya biləcəklər. Praktiki məşğələlər üçün mərkəzə 15 baş heyvan da gətirilib. Qeyd edək ki, hazırda Göygöl rayonunda MDB-də ən böyük və analoqu olmayan müasir standartlara cavab verən yeni süni mayalandırma mərkəzi inşa edilir. Mərkəzin inşası ölkədə bu sahənin sürətli inkişafı ilə yanaşı, kənd təsərrüfatına da mühüm töhfə verəcək.

Elton Cabbarlı