• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 05.11.2015 17:01

Goranboyda payızlıq şum və əkin işlərinə başlanılıb

Goranboy rayonunda payızlıq şum və əkin işlərinə start verilib. Fermerlərə bununla bağlı lazımi köməkliyin göstərilməsi üçün Rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılıb.

Goranboy rayonunda əkin sahələrinin 15 min hektarında şumlama, 12 min hektarında səpin işləri aparılıb. 8 min hektar sahədə arpa, 4 min hektar ərazidə isə buğda əkilib. Fermer təsərrüfatlarında bu proses noyabr ayının sonuna qədər davam edəcək.  Rayon İcra Hakimiyyətinin Aqrar məsələlər şöbəsindən verilən məlumata görə, bu il 21 min hektar ərazidə dənli taxıl bitkilərinin əkilməsi proqnozlaşdırılıb.

Yasin Məmmədov- Goranboy Rayon İH-nın baş məsləhətçisi: "Kənd təsərrüfatı istehsalçılarına ayrılan subsidiyalar dənli bitkilərin əkilməsinə marağı daha da artırıb. Biz bununla bağlı əhali arasında xüsusi maarifləndirici söhbətlər aparırıq, lazımi kənd təsərrüfatı texnikalarının fermerlərə çatdırılmasını təmin edirik. Bununla bağlı Rayon İcra Hakimiyyətində də xüsusi qərərgah yaradılıb”.

Bu il Goranboy rayonunda 12751 fermerə dövlət tərəfindən ayrılan subsidiyaların verilməsi təmin olunub. Rayonun Veyisli kəndində əkin işləri aparan Rəhim Ağayev mövsüm ərzində suvarma suyundan çətinlik çətdiklərini bildirir. Fermer suyun bol olacağı təqdirdə sahələrdən yüksək məhsuldarlıq əldə olunacağını deyir.

Rəhim Ağayev– fermer: "Yoncanı yaxşı suvaranda hektara 200-250 pres verir. Taxılda 1 hektardan 30-35 sentner məhsul əldə edirik. Arpa bitkisinə 1 dəfə su veririk, 2-ci dəfə su tapa bilmirik, ona görə məhsuldarlıq az olur. Su olsa məhsuldarlıq bol olar, fermerlər də əkinə can yandırar. Hər il su yoxdur deyə problem yaşayırıq, ona görə də camaat əkib-becərmir".

Qeyd edək ki, 2015-ci məhsul ilində rayonun 32 min hektar əkin sahəsindən 56 min tondan artıq dənli bitki məhsulu əldə olunub. Bu il hər hektardan 32.3 sentner buğda yığılıb.

Xaliq Qurbanlı