• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3685
— 03.11.2015 11:51

Ağstafa və Bakıda yol qəzaları baş verib, Göyçayda isə avtomobil yanıb

Ağstafada sürücü qatarın altında qaldı. Hadisə nəticəsində ağır olmaqla 2 nəfər yaralanıb. Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Göyçayda isə Qarabağ əlilinə məxsus avtomobil yanıb.

Dəmir yolu keçidində yol qəzası baş verib, qatar avtomobillə toqquşub. Hadisə Ağstafanın Köçəsgər kəndində qeydə alınıb. Kənd sakini 45 yaşlı Bahəddin Sultanov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə gecə saatlarında qorunan dəmiryol keçidindən keçmək istəyərkən elektrovoz maşını vurub. Nəticədə sürücü və avtomobildə olan həyat yoldaşı - 42 yaşlı Narınc Sultanova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər. Qeyd edək ki, əvvəllər də Tatlı-Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində qəzalar baş verirdi. Qorunan keçidlər tikiləndən sonra isə bu problem bir qədər aradan qalxmışdı. Bu dəfə isə sürücü ehtiyatsızlığı qəzaya səbəb olub.

Bakıda isə piyadanın  ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Hövsan yolunda qeydə alınıb. Əmir Hacıməmmədov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman qəfil yoluna piyada çıxıb. Avtomobili saxlaya bilməyən Əmir Hacıməmmədov piyadanı vurub. O daha sonra yaralını özü xəstəxanaya aparıb. Bütün müdaxilələrə baxmayaraq piyadanın həyatını xilas etmək mümükün olmayıb. Sürücü polis tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Göyçayda isə Qarabağ əlilinə məxsus avtomobil yanıb. Hadisə ötən gün axşam saatlarında Göyçay rayonunun Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini 50 yaşlı Zahir Məmmədova məxsus "OKA" markalı minik avtomobili naməlum səbəbdən alışaraq mühərrik hissəsi, salonu və arxa təkəri yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin nədən baş verdiyi məlum deyil. 

Bütün faktlarla bağlı araşdırmalar davam etdrilir.

Vəfa Şairova