• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2281
— 01.11.2015 18:39

Göygöl-Daşkəsən seçki dairəsi üzrə seçicilərin fəallığı müşahidə olunub (Yenilənib)

Parlamentə keçirilən seçkilərin başa çatmasına az müddət qalıb. 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə seçicilərin fəallığı müşahidə olunub.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin 9 məntəqəsində seçkini izləmək üçün veb kamera qoşulub. Bütün məntəqələrə rabitə xətti çəkilib, daşınan və daşınmaz qutularla təmin olunub. Dairə üzrə 3 seçicinin yaşı 100-dən yuxarıdır ki, onlardan biri Daşkəsən, ikisi isə Göygöl rayon sakinləridir.

Sabir Qafarov- 2 saylı seçki məntəqəsinin sədri: “Seçicilərə vaxtında, yəni 1 həftə əvvəl bildirişlər paylanıb. Seçicilər həmin bildirişlərlə gəlir. Bizə də çətinlik yaranmır. Çünki seçicinin orada nömrəsi və sıra sayı var. Heç bir insident baş verməyib”.

Natavan Bağırova- müşahidəçi: “Kim hansı namizədə istəyirsə səs verir. Heç bir qanun pozuntusuna rast gəlinməyib. Müşahidəçi kimi mən bunu gördüm. Axın da var, hər kəs istədiyi namizədə səs verir”.

İlhamə Qafarova- müşahidəçi: “Hal- hazırda saat 8-dən buradayıq. Heç bir qanun pozuntusuna yol verilməyib. Seçicilərimiz sərbəst şəkildə səs verirlər. Hazırda axın davam edir”.

Məntəqələrdə günün istənilən saatında seçicilərin aktivliyi müşahidə olunub.

Lətifə Mirzəyeva- seçici: “Bildiriş əsasında gəldim 2 saylı seçki məntəqəsinə və öz ad familyamı tapdım. İçəridə daxil olub öz namizədimə səs verdim. Heç bir müdaxilə yoxdur, hər şey qanuni, şəffaf keçdi”.

Niyaməddin Buruzov- seçici: “Gəlmişəm öz səsimi verirəm. Seçki şəffaf keçir, təzyiq yoxdur. Hamı istəyir ki, istədiyi namizədə səsini versin”.

Saday Şahverdiyev- seçici: “İndi səs verib çıxıram. Çox gözəl qarşılayırlar. İnsanlar kimə istəyir ona səs verirlər. Allah bu yolda hamımıza uğur versin. Həmişə gözəl seçkilər keçirək”.

Bu saata olan məlumata görə, dairə üzrə ümumilikdə 24 min 143 seçici səs verib ki, bu da ümumi seçicilərin 53,3 faizdir.

 

16:16 olan xəbər

Əməkdaşımız Elnur Vahidoğlu 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin məntəqələrində olub. Həmkarımız seçicilərin fəallığını müşahidə edib. Qarşıdakı materialda bu barədə ətraflı tanış olaq.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 80 seçki məntəqəsi var. Bu məntəqələrdən 50-i Göygöl, 30-u isə Daşkəsən rayonunda yerləşir. Səhər satlarından başlayaraq bütün məntəqələrdə seçici fəallığı müşahidə olunur.

101 saylı Göygöl-Daşkəsən Dairə Seçki Komissiyasında 45 min 257 seçici qeydiyyata alınıb. Bunlardan 36 min 614-ü Göygol, 8643 nəfəri isə Daşkəsən rayonundadır. Seçicilərdən 22 min 495-i  kişi, 22 min 762-i isə qadındır. Dairə üzrə ilk dəfə 628 nəfər  gənc səs verir ki, bunlardan da 498-i Göygöl, 130-u Daşkəsən sakinidir. Dairə üzrə ərizə ilə müraciət edən 150 seçicinin mənzillərinə daşınan qutu aparılacaq.

Vaqif Hacıyev- 1 saylı seçki məntəqəsinin sədri: “Bu məntəqədə 1418 seçici var. Seçicilərin hər birinə əvvəlcədən bildirişlər göndərilib. Səsvermə üçün bütün şərait yaradılıb. Bütün kabinələr hazırdır. Daşınan və daşınmaz seçki qutusu hazırdır. Siyahılar qabaqcadan hazırlanıb divardan asılıb. Seçki üçün hər cür şərait var”.

Zaur Quliyev- müstəqil müşahidəçi: “Sərbəst müşahidəçiyəm. Səhər saat 8-dən seçki məntəqəsindəyik. Seçkilər şəffaf və demokratik şəkildə davam edir. Heç bir qanun pozuntusu baş verməyib”.

Ramilə Abbasova- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının müşahidəçisi: “Bu məntəqədə iştirak edirəm. Səhər 8-dən burdayam Heç bir qanun pozuntusuna yol verilməyib. Seçki tam demokratik, şəffaf şəkildə keçir. Ümüdvaram ki, axıra kimi belə keçəcək”. 

Cəmşid Quluyev- seçici: “Məntəqə tərəfindən bir neçə gün bundan qabaq bizə bildirişlər paylanıb. Ailəliklə gəldik. İstədiyimiz namizədi özümüz seçdik. Heç bir təzyiq, göstəriş yoxdur”.

Azad Mirzəyev- seçici: “Öz bildirişim əsasında gəlmişəm. Siyahıda öz adımı tapmışam. İçəri daxil olub öz istədiyim namizədə səs vermişəm. İçəridə heç bir müdaxilə yoxdur. Seçkimiz çox şəffaf, çox gözəl gedir.”

Dairə üzrə deputatlığa 5 namizəd qeydiyyata alınıb ki, bulardan 1-i siyasi partiya üzvü, 4 nəfəri isə bitərəfdir.

 

12:26 olan xəbər

101 saylı Göygöl - Daşkəsən Seçki Dairəsində 80 məntəqə yaradılıb. Bu məntəqədən 50-si Göygöl,  30-u isə Daşkəsən rayonunda yerləşir. Dairə üzrə 45257 seçici qeydiyyata alınıb ki, bunlardan 36614-ü Göygöl, 8643-ü isə Daşkəsən rayon sakinləridir. Burada 100 yaşdan yuxarı 3 nəfər seçici qeydiyyata alınıb ki, bunlarda 2–si Göygöl, 1-i isə Daşkəsən rayon sakinləridir. Qeyd edək ki, dairə üzrə 9  məntəqədə veb-kameralar quraşdırılıb və 740 yerli müşahidəçi qeydiyyata alınıb.

Elnur Vahidoğlu