• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3027
— 29.10.2015 17:40

İpoteka krediti almaq istəyənlərə xoş xəbər

Nəğd pulla mənzil əldə edə bilməyən gənc ailələr ipoteka yolu ilə ev almağı seçirlər. Lakin faiz göstəriciləri yenicə ailə quran gənclərin aylıq gəlirləri ilə uyğunlaşmır. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan İpoteka Fondu"nun yaradılması ilə bağlı imzaladığı müvafiq fərman bu yolda olan problemlərin aradan qaldırılmasında əsas göstərici ola bilər.

Bu bir həqiqətdir ki, Azərbaycanda aztəminatlı ailələrin yaşayış evlərinə olan tələbatı tam ödənilmir. Bu tələbatın ödənilməməsinə bir çox səbəblər əngəl olur. Bu qəbildə istər aylıq gəlirləri, istər ipoteka şərtlərini, istərsə də faiz göstəricilərini nəzərə ala bilərik. Şərtlərin ürəkaçan olmaması illərdir ailəli olan Rzayevlər ailəsini də ev sahibi olmaqdan məhrum edir.

Atin Rzayev- Gəncə sakini: "Artıq 8 ildir ailəliyik. Valideynlərimizlə yaşayırıq. İstəmişik öz evimiz olsun. İpoteka ilə bağlı çox yerlərə müraciət etmişik, şərtlər bizi qane etməyib. Ümid edirik ki, ipoteka ilə bağlı yeni sərəncam bizim də xeyrimizə olacaq".

Bəli, Prezident İlham Əliyevin "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması ilə bağlı fərmanı, qənaətbəxş olmayan şərtlərin tənzimlənməsi üçün görülən tədbirlər sırasında mühümdür. Yeni yaradılacaq fond ev arzusunda olanlara nə vəd edir?!

Vüqar Bayramlı- iqtisadçı ekspert: "Mərkəzi Bankın da yaydığı məlumata əsasən, həm maddi, həm də sosial ipoteka kreditləri üzrə maksimal məbləğ 50 mindən 100 min manata artırılacaq. Bu isə daha böyük məbləğdə vəsaitin əldə olunması deməkdir. Digər əhəmiyyətli məqam regionlara ipoteka kreditlərinin verilişinin artırılması ilə bağlıdır. Yeni qaydalarda regionlar üçün limit olacaq. Bank bir ay ərzində ilkin olaraq, 1 milyon dəyərində kredit verirsə, ən az onun üçdə birini, yəni, hər üç kreditdən birini regionlara verməlidir".

Azərbaycan İpoteka Fondu əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. Kreditlərin verilməsi Mərkəzi Bank tərəfindən seçilən müvəkkil kredit təşkilatları tərəfindən həyata keçirilir. Son statistikaya əsasən 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon dəyərində ipoteka krediti verilib.

Zülfiyyə Telmanqızı