• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1760
— 30.09.2014 20:11

Ötən gün paytaxtda əsən güclü külək evlərə və şəxsi avtomobillərə ziyan vurub

Ötən gün paytaxtda güclü küləyin əsməsi irigövdəli ağacların avtomobillərin üzərinə aşması ilə nəticələnib. Xoşbəxtlikdən təbii fəlakət nəticəsində ciddi xəsarət alan olmayıb.

Yasamal rayonu, Balababa Məcidov küçəsində irigövdəli ağac Anar Bayramova məxsus "Hyundai" markalı maşının üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.

Xətai rayonu Yavər Əliyev küçəsində isə, qovaq ağacı yaşayış binasının üzərinə aşıb. Bəzi evlərin dam örtüyü yararsız vəziyyətə düşüb.  Xətai Rayon İcra Hakimiyyətinə üz tutan sakinlərə isə bildirilib ki, evlərin dam örtüyünün sıradan çıxması ilə bağlı tədbir görüləcək. Qeyd edək ki, Bakıda küləkli və yağışlı havanın bir neçə gün davam edəcəyi gözlənilir.

Paytaxtda ağacın avtomobilin üzərinə aşması faktı qeydə alınıb. Hadisə paytaxtın Xətai rayonu, Zığ şosesi 32 ünvanında baş verib. Ağacın gövdə hissəsi tamamilə nəqliyyat vasitəsinin üzərinə düşdüyü üçün avtomobil demək olar ki, istifadəyə yararsız hala düşüb. Şahidlərin sözlərinə görə bu, yaşadıqları ərazidə qeydə alınan ilk hadisə deyil. Əvvəllər də ağacların budaqları sınaraq həyətə düşüb. Sonuncu dəfə isə binada mənzillərin pəncərələri sınıbmış. Qovaq ağacının kök hissəsinə diqqət yetirdikdə onun özəyinin ümumiyyətlə çürüdüyünün şahidi olduq. Xoşbəxtlikdən sürücü nəqliyyat vasitəsinin içərisində olmayıb və hadisə xəsarətsiz ötüşüb. Avtomobilin sahibinin bildirdiyinə görə, hadisədən təxminən 30 dəqiqə əvvəl maşını həyətdə park edərək evə qalxıbmış: “Saaat 4 radələrində maşını park etmişəm. Daha sonra evə qalxmışam. Bir qədər keçdikdən sonra səs eşitdik ki, bəs ağac maşının üzərinə düşüb. Hadisə ilə bağlı MİS-ə, polis idarəsinə, yaşıllaşdırma idarəsinə zəng etmişik”, deyə avtomobilin sahibi Röyal Ağalarov qeyd edib. Avtomobilə dəymiş ziyana gəldikdə isə nəqliyyat vasitəsi sığortasız olduğundan bütün xərcləri elə Röyal Ağalarov özü çəkməli olacaq.

Küləkli havalar davam edəcəyindən bu cür hadisələrin tez-tez yaşanacağı da istisna edilmir.