• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 28.10.2015 16:55

Əlillərə Gəncə Regional Protez Bərpa Mərkəzi tərəfindən 2 minə yaxın reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə Regional Protez Bərpa Mərkəzi tərəfindən bu ilin 10 ayı ərzində əlillərə müxtəlif adda 2 minə yaxın reabilitasiya vasitəsi verilib. Mərkəz Gəncə və ətraf 10 rayondan olan 500-dən çox əlil və xüsusi imtiyaza malik vətəndaşlara xidmət göstərir.

Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialına bu ilin 10 ayı ərzində 214 nəfər müraciət edib. Onlardan 115-i ilkin, 99 nəfəri isə təkrar müraciət edənlərdir. Əlillər aşağı və yuxarı ətraf protezləri, korsetlər, qoltuq ağacları və müxtəlif adda 1974 reabilitasiya vasitəsi ilə təmin olunublar. Eyni zamanda mərkəzin həkimlərdən ibarət səyyar briqadası yerlərdə də fiziki qüsurlu şəxslərə xidmət göstərir.

Nəriman Qurbanov- Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialının əməkdaşı: “Noyabrın 5-də Samux, Goranboy və Naftalan rayonlarında olacağıq. Ordakı əlil insanlar reabilitasiya vasitələri ilə təmin olunacaqlar. Digər rayonlarda da  noyabr ayının sonuna kimi həftədə 1 dəfə səyyar xidmət göstəriləcək”.    

Cari il ərzində mərkəzin səyyar xidməti çərçivəsində qərb regionundan olan 45 fiziki qüsurlu şəxsə əlil arabaları təqdim olunub. Qeyd edək ki, hazırda xaricdən gətirilən bir çox reabilitasiya vasitəsinin gələcəkdə mərkəzin daxili emalatxanasında istehsal edilməsi nəzərdə tutulur.

Elton Cabbarlı