• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3044
— 28.10.2015 13:03

Gədəbəydə qışa hazırlıq başa çatdırılıb

Dağ rayonu olan Gədəbəydə qışın sərt keçməsi aidiyyəti strukturların məsuliyyətini bir qədər də artırır. Qarlı-şaxtalı havalara hazırlıq məqsədilə nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilib.

Gədəbəy rayonunda payız-qış mövsümünə hazırlıq işlərinə sentyabr ayından start verilib. Ötən müddət ərzində köhnəlmiş qaz xətləri yenisi əvəz olunub. Bəzi ərazilərdə əlavə tənzimləyicilər quraşdırılıb. Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün 30 kilometr uzunluğunda yararsız naqil və 34 dayaq yenilənib. Şaxtalı havalarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün 33 saylı Yol İstismar İdarəsi tərəfindən 2000 kubmetr qum və 50 ton duz tədarük olunub. Maşın-mexanizmlər saz vəziyyətə gətirilib.

Vüsal Musayev- Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini: “Qışa hazırlıqla bağlı Gədəbəy rayon İcra Hakimiyyəti müxtəlif idarə və təşkilatlarla birgə tədbirlər planı həyata keçirib. Transformatorlar saz vəziyyətə gətirilib. Rayonun təbii qaz alan kəndlərində müvafiq işlər görülüb”.

Digər rayonlardan fərqli olaraq Gədəbəydə qarlı-şaxtalı havaların daha tez müşahidə olunması yol işçilərini qabaqlayıcı tədbirlərə başlamağa vadar edib. Hazırda respublika əhəmiyyətli Şəmkir-Gədəbəy və yerli əhəmiyyətli kənd yollarının kənarına duz qarışıq qum toplanır. Görməni təmin etmək üçün yol kənarındakı nişanlar yenilənir.

Natiq Hüseyn