• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3575
— 27.10.2015 19:46

Məcburi köçkün öz həmyerlisini silahla qətlə yetirdi

Mingəçevirdə güllələnmə hadisəsi baş verib. Ağdamdan olan məcburi köçkün öz həmyerlisini silahla qətlə yetirib. Məcburi köçkünlər arasında silahlı insident nədən baş verib? Hadisəyə öldürülən şəxsin yaxınları münasibət bildirib.

Mingəçevir şəhərində məskunlaşan,  Ağdam rayonundan olan məcburi köçkün, 31 yaşlı Şakir Əhmədov, həmyerlisi, eləcə də qonşusu 34 yaşlı Bəxtiyar Rəhimovu güllə ilə vuraraq hadisə yerindən qaçıb. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib.

Elmidar Rəhimov- Bəxtiyar Rəhimovun atası: “Getdim xəstəxanaya, balamı al qanda gördüm. Balamı gülləylə 2 dəfə ürəyindən vurublar”.

Mərhumun yaxınlarının sözlərinə görə, Şakir Əhmədov əvvəlcə Bəxtiyar Rəhimovu yanına çağırıb. Hadisə də bundan sonra baş verib. Hadisədən ilk xəbər tutan isə mərhumun qardaşı Elşən Rəhimov olub. Onun sözlərinə görə, Şakir Əhmədov qardaşını öldürdükdən sonra ona da atəş açıb. Güllələr Elşən Rəhimovun bədəninin bir neçə yerini yaralayıb.

Elşən Əhmədov- Bəxtiyar Rəhimovun qardaşı: “3-4 nəfər söhbət edirdik. Qardaşım da 2 nəfərlə orda söhbət edirdi. Elə bizim yanımızdan da keçdi, salaməleyküm elədi. Elə ora çatan vaxtı güllə səsi eşitdik. Elə mən də güllə səsini eşidib yaxına gələndə üç-dördünü də mənə atdı”.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisəni törətdikdən sonra qaçan Şakir Əhmədovun axtarışı davam etdirilir. Bildirək ki, qətlə yetirilən Bəxtiyar Rəhimov ailəlidir, onun iki azyaşlı övladı var. 

Rəhman Əsədov