• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3618
— 26.10.2015 18:05

Bakıda bir gündə iki nəfər bıçaqlanıb.

Binəqədidə dost dostunu bıçaqlayıb. Səbail sakinini bıçaqlayan isə axtarışdadır.

Binəqədi rayon ərazisində bıçaqlanan paytaxt sakini Alı Alıyev 1 saylı kliniki xəstəxanaya çatdırılıb. Dərhal xəstəni əməliyyata götürən həkimlər onun həyatını xilas edə biliblər. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Xaliq Kələntərov saxlanılıb. Saxlanılan şəxs istintaqa ifadə verərkən törətdiyi cinayət əməlini etiraf edib. Alı Alıyevlə yaxın dostluq etdiyini deyən Kələntərov hadisə zamanı hər ikisinin sərxoş olduğunu bildirib.

Əməlinə görə peşman olduğunu bildirən Xaliq Kələntərov dostunu onu təhqir etdiyi və vurduğu üçün bıçaqladığını deyib.

Paytaxtın Səbail rayonunda da bıçaqlanma faktı qeydə alınıb. Hadisə rayonun Şahlar Allahverdiyev küçəsində baş verib. 25 yaşlı Səbuhi Həsənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib. Hazırda cinayəti törədən şəxsin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

 

Vəfa Şairova