• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3533
— 26.10.2015 16:28

Gəncə şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılacaq

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq Təhsil Nazirliyinin əmrinə əsasən müəllimlərin diaqnostik qiymətləndirilməsi Gəncə şəhərində də aparılacaq. Respublikanın ikinci böyük şəhərindən qiymətləndirilmədə 4 minə yaxın pedaqoq iştirak edəcək.

Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilərək üzə çıxarılması, onların həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsindən ibarətdir. Diaqnostik qiymətləndirmədə Gəncədən 14 fənn üzrə 3789 nəfər iştirak edəcək.

İqbal Kərimov- Gəncə şəhər Təhsil İdarəsinin kadrlar üzrə məsləhətçisi: "Bunlardan 47 nəfəri hərbi rəhbərlərdir (Gənclərin çağırışa qədərki hərbi hazırlıq müəllimləri). Gəncə şəhərindən imtahanda ən çox ibtidai sinif müəllimləri iştirak edəcək - 810 nəfər. Ən az isə alman dili müəllimləri iştirak edir - 4 nəfər. Dərs yükü aparan vəzifəli şəxslər və ya ikinci iş yeri kimi məktəbdə çalışan müəllimlər bu imtahanlarda iştirak etməyəcək".

Müəllimlər Təhsil Nazirliyinin www.miq.edu.az saytına daxil olaraq təlimatlar, imtahan materialları ilə tanış ola, adlarının imtahan siyahısına salınıb-salınmamasını yoxlaya bilərlər. Gəncədən olan pedaqoqlar üçün imtahanlar 24-25 dekabr tarixlərində Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.

Gülnar Fazilqızı