• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2444
— 30.09.2014 14:50

Avropa Voleybol Konfederasiyası qadın klubların yeni reytinq cədvəlini açıqlayıb

2010-2013-cü illərdə rekordlarını yeniləyə-yeniləyə tarixinin ən yüksək pilləsinə qalxan Azərbaycan bu dəfə mövqeyini qoruyub.

Ölkəmiz avrokuboklar üçün açıqlanan yeni siyahıda yenə 4-cü yerdədir. Amma 1 il öncə aktivində 339,66 xalı olan Azərbaycan yüksək əmsalını qoruya bilməyib. Ölkəmizin reytinq xalı 310,33-ə enib.

Bu pillə qadın komandalarımızın son 3 mövsümdəki çıxışlarına əsasən hesablanıb. Həmin mövsümlərdə “Rabitə” Çempionlar Liqasının gümüş və bürünc medalını qazanıb, “Lokomotiv” “Çelenc Cup”ı muzeyinə aparıb.

Bu reytinqə əsasən qadın komandalarımız 2015/2016-cı illər mövsümündə də Çempionlar Liqasında və CEV kubokunda 2 klubla təmsil olunmaq hüququnu saxlayıb. “Çelenc cup”da isə 1 təmsilçimiz iştirak edə bilər.

Reytinq cədvəlinin ilk “üçlüyü”nə gəlincə, burada son pillədə dəyişiklik olub. Qitə voleybolunun nəhəngləri yenə ön sıralarda – Azərbaycandan irəlidə qərarlaşıb: Türkiyə (479,67) liderliyini, Rusiya (435,67) isə ikinciliyini qoruyub. Bu, hər 2 ölkəyə Çempionlar Liqasında 3 komanda ilə oynamaq hüququ verib. Son zamanlar maliyyə böhranı yaşayan İtaliya (270,33) isə “üçüncülüyü” Fransaya (311,33) təhvil verərək, 7-ci yerə düşüb. Buna baxmayaraq, 3-7-ci pillələrin sahibləri qitənin ən nüfuzlu klub turnirinə 2 komanda ilə qatılacaqlar.

Lakin Azərbaycan və Fransa da Çempionlar Liqasına 3-cü komandası yollana bilər. Belə ki, qitənin ən nüfuzlu klub turnirinə 22 vəsiqəni 13 ölkə arasında bölən CEV daha 2 yeri “wild card”la verəcək. Bu isə yarış ərəfəsində dəqiqləşir.
 

               
               
               
               
               
               

 Qeyd edək ki, ötən il Çempionlar Liqasına 3 klubla qatılan Azərbaycan 2014/2015 mövsümündə yenə 2 komanda ilə oynayacaq.