Bu günə xəbərlərin oxunma sayı: 1524
— 23.10.2015 16:06

Gəncədə Aşura mərasiminin qaydalara uyğun şəkildə keçirilməsi üçün bir sıra tədbirlər görülüb

Sabah Gəncədə keçiriləcək Aşura mərasimi üçün hazırlıqlar yekunlaşmaq üzrədir. İmamzadəyə insanların rahat və təhlükəsiz çatdırılması üçün avtobuslar və yardımçı nəqliyyat vasitələri ayrılıb. Mərasimin qaydalara uyğun şəkildə keçirilməsi üçün bir sıra tədbirlər görülüb.

Hər il olduğu kimi bu il də Gəncə və ətraf bölgələrin sakinləri Gəncə İmamzadəsinə axın edəcəklər. Lakin İmamzadədə aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq Aşura mərasimi İmamzadənin həyətində deyil, yeni salınan İmam Hüseyn meydanında təşkil ediləcək. Bununla belə İmamzadəni ziyarət etmək istəyənlər üçün məhdudiyyət qoyulmayacaq.

İmamzadənin yeni tikilən giriş qapısından kompleksədək olan ərazidə keçiriləcək Aşura mərasimi ilə yanaşı ayrılan xüsusi yerlərdə çadırlar da qurulacaq. Burada ehsan süfrələri açılacaq və Tasua gecəsi üçün gələnlər sığınacaq. Ayın 24-də keçiriləcək mərasim üçün İmamzadəyə gəlmək istəyənlərə Qafqaz Müsəlmanları İdarəsinin rəsmisinin bəzi tövsiyələri var.

Tahir Abbasov -Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi: “Qocalar, yaşlılar həmin gün gəlməsələr daha yaxşıdır. Sonra gəlsinlər. Şərt o deyil ki, elə bu gün gələcəksən. İmamın 3-ü var, 40-a qədər hələ zamanımız var. Və hər zaman gələndə təziyadarlığa gəlir və özü fikirləşsin ki, niyyəti yerinə yetir, duası yerinə yetir. Talsua gecəsində, soyuq havada xəstələrin, uşaqların gəlişi və sonra əziyyət çəkməsi və yaxud ayaqyalın gələrək özlərinin səhhətinə zərər yetirmələri tövsiyyə olunmur”.

Zincir vurmaq, qan çıxarmaq kimi hərəkətlər də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yasaq edilib. Eləcə də insanların kütləvi halda İmamzadəyə axın etməsi, gənclərin bu prosesə kor-təbii halda cəlb edilməsi də məqsədəuyğun hesab edilmir.

Fuad Əliyev -AMEA-nın Gəncə bölməsinin akademik katibi: “Əfsuslar olsun ki, bu cavan uşaqlar öz baba nənələrinin qəbri üstə getmədiyi halda, onları saymadığı halda kimisə ziyarət etmək, orada qan çıxarmaq, yaxud zəncir vurmaq, yaxud hansısa ayinləri bilmədən oxumaq özü böyük bir qəbahətdir. Biz başa düşməliyik ki, Quranda, o ayinlərdə, surələrdə, o dini kitablarda nələr yazılıb və mərasimlərin qayda- qanunlarını biz öyrənməliyik ki, necə mərasimə getməliyik, özümüzü necə aparmalıyıq. Bütün bunlar bir tərbiyədir, elmdir, savadlılıq, ziyalılıqdır”.

Aşura günü şəhər təsərrüfatı da gücləndirilmiş rejimdə çalışacaq. Bu münasibətlə keçirilən toplantıda İmamzadəyə gedənlər üçün xüsusi avtobusların ayrıldığı, şəxsi avtomobillər üçün dayanacağın yaradıldığı bildirilib. Təcili tibbi yardım və yanğınsöndürmə maşınları ərazidə xidmət çəkəcək. Asayişi qorumaq üçün polis naryadlarının sayı artırılıb. Sabah İmamzadədə qanvermə aksiyası da təşkil ediləcək.

Fərid Mehdizadə