Bu günə xəbərlərin oxunma sayı: 1513
— 23.10.2015 16:04

Dünyanın müxtəlif ölkələrində çalışan kənd təsərrüfatı mütəxəssisləri Gəncədə biraraya gəldilər

Gəncədə "Aqrar elmin və təhsilin innovativ inkişafi: dünya təcrübəsi və müasir prioritetlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.  2 gün davam edəcək konfransa dünyanın müxtəlif ölkələrində çalışan kənd təsərrüfatı mütəxəssisləri cəlb olunub.

Respublikanın və dünyanın müxtəlif ali təhsil ocaqlarında, elmi- tədqiqat mərkəzlərində fəaliyyət göstərən mütəxəssislər bir araya gələrək əldə olunan elmi nailiyyətləri bölüşür və ortaq problemləri müzakirə edirlər. Dünyanın 16 ölkəsindən 73 alimin və tədqiqatçının qatıldığı konfransda məqsəd Azərbaycanın kənd təsərrüfatının inkişafına və modernləşməsinə təkan verməkdir. Konfransda çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov 2015-ci ilin respublikada “Kənd təsərrüfatı ili” elan olunmasından və bu sahədə mütəxəssislərin yetişdirilməsindən danışıb. Tədbirdə dünya ərzaq təhlükəsizliyi problemləri və onun həlli yolları, açıq və örtülü torpaq tərəvəzçiliyində yeni texnologiyaların tətbiqi, dayanıqlı kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, ekoloji problemlər, aqro və texnoparkların yaradılması, təbii resursların idarə edilməsi, aqrar iqtisadiyyat və kənd təsərrüfatı məhsullarının marketinqinin yaradılması kimi mövzular ətrafında 300-dən çox məruzə dinlənilib.

Cafer Özkül -Fransanın Rouen Universitetinin rektoru: "Bu konfrans eyni zamanda universitetlərarası münasibətləri daha da inkişaf etdirəcək. Bu məqsədlə biz sabah 2 universitet arasında müqavilə bağlayacağıq. Sənəd tələbə-müəllim mübadiləsini nəzərdə tutur”.

Mohammad Babadoost -ABŞ-ın İllinoys Universitetinin professoru: "Bu, mənim Gəncəyə 4-cü səfərimdir. Ancaq Azərbaycanda 3 dəfə konfranslara qatılmışam. Son zamanlar Azərbaycanın kənd təsərrüfatı getdikcə inkişaf edir. Azərbaycan Dövlət Aqrar Universitetində də bu sahədə kadrların yetişdirilməsi yaxşılaşıb. Mən deyərdim ki, təhsildə bazanın yaradılması aqrar sahənin inkişafına təkan verəcək".

İbrahim Cəfərov -ADAU-nın rektoru: "Hesab edirəm ki, Azərbaycandə “Kənd təsərrüfatı ili”nə həsr olunan bu konfrans öz müsbət nəticələrini verəcəkdir. Gələcəkdə Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri və tədqiqatçıları hesabına ölkənin aqrar təhsili daha da yaxşı inkişaf edəcəkdir".

Qeyd edək ki, ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost və Belçikanın Gent Universitetinin professoru Qiy Smaxer Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb.

Xaliq Qurbanlı