• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4075
— 23.10.2015 16:02

Daha 9 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verildi

Müharibə əlilləri və şəhid ailələrinin rifah halının yüksəldilməsi, həmçinin onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlət sosial inkişaf proqramında yer alan əsas məsələlərdəndir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 9 mənzili müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib.

9 mənzildən 3-ü dünən Mingəçevirdə, 6-sı isə bu gün Gəncədə müharibə əlilləri və şəhid ailələrinə təqdim edilib. Hazır yaşayış binalarından alınaraq təmir edilən evlərdə müasir tələblərə cavab verən şərait yaradılıb. Mənzillər ailə üzvlərinin sayına uyğun olaraq iki və ya üç otaqlıdır.

İlqar Rəhimov- Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini: "Hörmətli prezidentimizin müvafiq sərəncamına uyğun olaraq, 2014-2018- ci illər ərzində ev növbəsində olan bütün Qarabağ əlilləri və şəhid ailələri mənzillə təmin olunmalıdır. Biz nazirlik olaraq bu tapşırığı, bu məsuliyyəti dərk edirik. Bu sahədə intensiv işlər davam edir. Dünyada iqtisadi çətinliklərin yaranmasına baxmayaraq, prezident sosial sahəyə ayrılan investisiyanın qətiyyən azalmasına imkan vermir”.

Mənzillə təmin edilənlərdən biri - ikinci qrup müharibə əlili Yusif Məmmədov yaradılan şəraitdən razı olduğunu bildirib.

Yusif Məmmədov- II qrup müharibə əlili: "Prezidentimiz bizim kimi Qarabağ əlillərinə çox güzəştlər və köməkliklər edir. Bunun üçün öz minnətdarlığımı bildirirəm. İmtiyazların verilməsində yardımı keçən hər kəsə təşəkkürümü bildirirəm".

Bu günə qədər 5000-ə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bölgələrdə tikilən 375 fərdi yaşayış evindən inşası başa çatan 41 ev və şəhərlərdə hazır yaşayış binalarından alınıb təmir edilən 56 mənzil son iki həftədə onların istifadəsinə verilib.

Zülfiyyə Telmanqızı