• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 21.10.2015 18:58

Ölkədə baş verən avtoqəzalar nəticəsində xəsarət alanlar var

Kürdəmirdə baş verən yol qəzasında 39, Bakıda baş verən yol qəzasında isə 56 yaşlı qadın xəsarət alıb. Ümumilikdə qəzalarda 3 nəfər yaralanıb.

Ağsu-Kürdəmir-İmişli yolunun 55-ci kilometrliyində, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lənkəran sakini Çingiz Kələntərovun idarə etdiyi şəkər tozu ilə yüklənmiş “Kamaz” Kürdəmir şəhəri istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn İmişli sakini Abasət Səfərovun idarə etdiyi “Opel”lə toqquşub. Toqquşmanın təsirindən hər iki avtomobil yolun sağ və sol istiqamətlərinə yuvarlanıb. Nəticədə “Opel”in sürücüsü Abasət Səfərov və sərnişini, 39 yaşlı İmişli sakini Qaragilə Şıxalıyeva yaralanıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin versiyaya görə, hadisəyə “Opel”in yüksək sürətlə yük avtomobilinin yoluna çıxması səbəb olub.

Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Vüqar İbişov idarə etdiyi VAZ 2107 markalı avtomobil yolu keçmək istəyən piyada 56 yaşlı Məhəbbət Kərimovanı vurub. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törədən VAZ 2107 markalı avtomobilin sürücüsü Vüqar İbişov ifadəsi alınması üçün Nizami rayon Polis İdarəsinə aparılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib. Hər iki faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədzadə