• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 21.10.2015 15:54

Gəncədə parlament seçkilərində səs vermə üçün bütün məntəqələr hazır vəziyyətdədir

Gəncənin müxtəlif ərazilərində müvəqqəti yaşayan məcburi köçkünlərin noyabrın 1-də keçiriləcək parlament seçkilərində səs verməsi üçün bütün məntəqələr hazır vəziyyətdədir. Həmin məntəqələr üzrə səs verəcək seçicilərin siyahısı da tam  dəqiqləşdirilib.  

124 saylı Şuşa, Ağdam, Xocalı, Xocavənd seçki dairəsinin 25 saylı Xocalı seçki məntəqəsi Gəncənin Kəpəz rayonun ərazisində 2 saylı yeni qəsəbədə Xocalı rayon Kosalar kənd orta məktəbinin binasında yerləşir. Məntəqə üzrə 737 seçici qeydiyyat alınb ki, bunlardan 55 faizi kişi, 45 faizi isə qadındır. Bu seçicilərdən 40 nəfəri parlament seçkilərində ilk dəfə səs verəcək. 25 nəfər isə yaşlı və xəstə olduğundan evlərinə daşınan qutu gətiriləcək. Bu dairə üzrə 5 nəfər deputat mandatı uğrunda mübarizə aparır.

Zülfü Quluyev- 124 saylı DSK-nın 25 saylı Xocalı seçki məntəqəsinin sədri: “Şuşa, Ağdam, Xocalı, Xocavənd ümumi dairədir. Burada seçicilərin sayı 40 mindir. Bizim Xocalı məntəqəmiz də həmin dairənin tərkibindədir. Bütün namizədlər üçün çox gözəl şərait yaradılıb. Əhali ilə görüş keçirmək, təbliğat-təşviqat aparmaq öz qaydasındadır. Biz də nəzarət edirik ki, neqativ hallar olarsa məlumatımızı dairəyə verək. Bu günə kimi neqativ hal baş verməyib”.

122 saylı Xankəndi seçki dairəsinin 11 saylı seçki məntəqəsi isə Xocalı rayon Kosalar kənd mədəniyyət evində yerləşir. Məntəqə üzrə 107 seçici qeydiyyata alınıb.

Bütün lazımi avadanlıqlarla təmin edilən məntəqədə səsvermə üçün 3 kabinə quraşdırılıb. Seçicilər noyabrın 1-də dairə üzrə 7 namizəddən daha layiqlisini seçəcəklər.

121 saylı Laçın seçki dairəsinin 45 saylı seçki məntəqəsi isə qəsəbədə yerləşən Ərikli kənd ümumu orta məktəbinin binasındadır. Burada 287 seçici qeydiyyata alınıb ki, onlardan 3 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Məntəqə zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə ilə təmin olunub.

Elnur Vahidoğlu