• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 30.09.2014 15:07

Goranboyda payızlıq əkin sahələrinin vaxtında suvarılması üçün bir sıra tədbirlər görülür

Qərb regionunun aqrar rayonlarından  olan Goranboyda payızlıq əkinə start verilib. Bu il rayonda payızlıq əkin üçün 7 min hektar sahədə şumlama işləri aparılıb. Payızlıq əkin sahələrinin vaxtında suvarılması üçünsə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, hazırda su kanalları lil və alaq otlarından təmizlənir.

Şumlanan 7 min hektar əkin sahənin 1500 hektarında xəsil 2000 hektarında  isə arpa bitkisi əkilib. Ötən illə müqayisədə bu il rayon üzrə payızlıq əkin nisbətən azlıq təşkil edir ki, bu da respublika ərazisində höküm sürən quraqlıq nəticəsində, suvarma suyunun çatışmazlığı ilə əlaqəlidir. Müqayisə üçün bildirək ki, ötən il Goranboy rayonunda 48 min 19 hektar əkinə yararlı torpaq sahəsinin 22 min 373 hektarında dənli bitkilər əkilib. Bunun da nəticəsində, hər hektardan orta məhsuldarlıq nəzərə  alınmaqla ümumilikdə 55 min 750 ton məhsul istehsal olunub. Hazırda rayonda payızlıq səpinin vaxtında başa çatdırılması üçün bütün lazımi tədbirlər görülüb. Səpin işlərinin dekabrn 1 –nə kimi yekunlaşması nəzərdə tutulur.

Yasin Məmmədov- Goranboy rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə baş məsləhətçisi: “Hal-hazırda sahələr üzrə mütəşəkkilliyə tərəfimizdən nəzarət olunur. Əkin sahələrinə vaxtlı vaxtında texnikalarla təminatına nəzarət olunur. Bu il tərəfimizdən aparılan müşahidələr onu deməyə əsas verir ki, rayonumuz ərazisində 20 min hektara yaxın sahədə dənli bitkilərin əkilməsi təmin olunub. Bundan da 12 hektarında arpa 8 min hektarında isə ərzaq buğdası əkilməsi nəzərdə tutulur”.

Goranboy rayonu üzrə suvarılan 48 min hektar əkin sahəsinin 20 min hektarı təbii çayların, 23 min hektarı subartezian  quyularının, 5 min hektarı isə nasos stansiyalarının hesabına suvarılır. Hazırda payızlıq əkin sahələrinin suvarılması davam etdirilir.

İsbəndiyar Bayramov- Goranboy rayon suvarma sistemləri idarəsinin baş mühəndisi:  “Çaylardan axan suların maneəsiz və itkisiz ötürülməsi üçün su kanalları mütəmadi olaraq lil və alaq otlarından təmizlənir. Bütün il boyu bu işlər davam etdirilir ki, su itkisinin qarşısı alınsın və sahələrə suvarma suyu vaxtlı-vaxtında çatdırılsın”.

Müsahibimizin sözlərinə görə, yalnız yay aylarında əkin  sahələrin  suvarılmasında qismən problemlər yaşanıb. Bu da həmin aylarda havaların kəskin isti keçməsi və yağıntının az olması səbəbindən çay sularının   səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olub. Payız mövsümü ərzində aparılan suvarılmada isə belə  problemlər yaşanmayacaq.

Elton Cabbarlı