• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 20.10.2015 15:02

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması qərb bölgəsinin sahibkarlarına necə təsir göstərəcək?

Prezident Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib. Layihəyə görə gələn ayın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Qərb bölgəsində sahibkarlar bu təşəbbüsü müsbət qarşılayıblar.

5 minə yaxın üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə nümayəndəliyindən bildirilib ki, Gəncə-Qazax iqtisadi rayonunda 3 minə qədər hüquqi və fiziki şəxs kimi qeydiyyatdan keçmiş aktiv sahibkar var.  Bunlardan 300-ü sırf Gəncə sahibkarlarıdır.

Afina Babayeva- Azərbaycan Sahibkarlar Konfederasiyası Gəncə nümayəndəliyinin rəhbəri: "Bölgədə kiçik və orta sahibkarlıq prioritet təşkil edir. Böyük gəlir götürən sahibkarlar cəmi 30%-dir. Yerdə qalanı KOS-dur. Prezidentin bu addımı həmin sahibkarlara stimul olacaq".

Gəncə-Qazax iqtisadi rayonuna aid sahibkarlardan 30-%-i hüquqi şəxslər, yerdə qalanı isə fərdi sahibkarlıqla, əsasən də ailə-kəndli fermer təsərrüfatı ilə məşğul olanlardır. Sahibkarlar bu yeniliyin ümumi biznes mühitinə müsbət təsir göstərəcəyinə əmindirlər. Eyni zamanda dövlətin bu istiqamətdə işləri davam etdirəcəyinə, xüsusən qadın sahibkarlara dəstək olacağına ümid edirlər.

Afina Babayeva- Azərbaycan Sahibkarlar Konfederasiyası Gəncə nümayəndəliyinin rəhbəri: "150 qadın sahibkarlığı aktiv fəaliyyətdədir. Hesab edirəm ki, qadın sahibkarlara bir qədər təkan vermək yerinə düşərdi. Bizdə eyni zamanda 150 gənc sahibkar aktiv fəaliyyət göstərir".

Mütəxəssislərin fikrincə qanun layihəsi sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Həmçinin ölkədə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək. 

Xəyalə Mürsə