• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3040
— 19.10.2015 17:15

Tələbə kreditlərinin verilməsi tələbələrin işini necə yüngülləşdirəcək?

Hər bir şagirdin arzusu tələbə adını qazanmaqdır. Amma etiraf edək ki, tələbəlik illərinin qayğıları da yetərincədir. Xüsusən tələbə ailəsindən kənarda təhsilini başqa bir şəhərdə davam etdirirsə kirayə, yemək, təhsil haqqı və daha nələr...Bütün bu məsrəfləri qarşılamaq üçün tələbələrə kreditin verilməsi onların işini yüngülləşdirə bilər.

Əksər dünya ölkələrində tələbə kreditləri geniş yayılıb. Ölkəmizdə isə tələbə kreditləri haqqında qanun layihəsinin hazırlanmasına baxmayaraq, bu qanun hələ ki, qüvvəyə minməyib. Ödənişli əsaslarla oxuyan  tələbələrin təhsil haqlarının ödənilməsi üçün bəzi banklar valideynlərin adına kreditlər verir ki, həmin məbləğ də birbaşa təhsil müəssisəsinin hesabına köçürülür. Kreditin tələbənin deyil, valideynin adına verilməsinə səbəb isə banka təqdim olunan sənədlərin içərisində iş yerindən arayışın olmasıdır. Bunu isə tələbə krediti deyil, təhsil krediti adlandırmaq olar.

Afina Babayeva-bank mütəxəssisi: "Tələbə kreditləri bütün cəmiyyətlərdə qəbul olunan kimi, bizdə də lazımlıdır. Tələbənin imkanları məhdud olduğundan, onun keyfiyyətli təhsil alması üçün maliyyə dəstəyi lazımdır. Bank sisteminin təhsil sahəsinə inteqrasiyası da çox müsbət haldır. Lakin bugünki bankların durumu çətin, əhalinin ödəniş qabiliyyəti aşağı olduğu üçün hələlik bu kreditlərin riskləri çoxdur".

Mövzu ilə əlaqədar tələbələrin də fikrini öyrəndik. Təbii ki, xərcləri borclarını ödəməyən tələbələr onlara kreditlərin verilməsində ən maraqlı tərəflərdir.

Cəfər Əhmədov-tələbə: "Çox istərdik ki, az faizlə kreditlər verilsin. Tələbəyik, işləmirik. Bizə veriləcək kreditin şərtləri daha fərqli və daha rahat olmalıdır".

Aytac Əhmədli-tələbə: "Tələbə kreditlərinin verilməsi çox yaxşı olardı. İmkansız tələbələrin ev kirayəsinin ödənilməsinə də kömək olardı".    

Ağa Ağayev-tələbə: "Mən Sabirabaddanam, gəlmişəm Gəncədə təhsil alıram. Aylıq xərclər də çox çıxır. Əgər tələbə krediti verilsə, tələbatımız ödənər. Hissə- hissə də qaytararıq".

Tələbə kreditləri ilə bağlı qanun layihəsi hələ ki, qüvvəyə minməsə də, cari ilin sonunadək, Təhsil Nazirliyinin təşəbbüsü ilə nazirliyin tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaq. Həmin fond vasitəsilə tələbələrə uzun müddətli təhsil krediti və qrantların verilməsinə başlanacaq.

Zülfiyyə Telmanqızı