• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3467
— 29.09.2014 18:18

Hacıqabul və Qaxda baş verən yol qəzaları bu dəfə də ölümsüz ötüşməyib

Ötən gecə Hacıqabul rayonu ərazisində ard-arda və piyadanın ölümü ilə nəticələnən avtoqəzalar baş verib. Qaxda isə “Mercedes” yolu keçmək istəyən piyadanın həyatına son qoyub.

 

Ötən gün axşam saatlarında Bakı-Qazax yolunun Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində piyadavurma hadisəsi baş verib. Yevlax sakini Sənan Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadanı vuraraq öldürüb. Piyadanın kimliyi isə hələlik istintaqa məlum deyil. Həmin şəxsin 40-45 yaşlarında kişi olduğu bildirilir. Geyimindən və saqqalından ölən şəxsin səfil həyat tərzi keçirdiyi ehtimal olunur. Hal-hazırda onun meyiti Şirvan şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza  mərkəzində saxlanılır. BDYPİ-nin istintaq idarəsi tərəfindən cinayət işi açılıb və meyitin kimə məxsus olması istiqamətində araşdırmalar aparılır.

Eyni vaxtda Hacıqabul-Şirvan magistralının 2-ci kilometrliyində 3 minik avtomobilinin toqquşması ilə ağır avtomobil qəzası baş verib. Bu qəzada avtomillərə ciddi ziyan dəysə də xoşbəxtlikdən avtomobillərdə olan sürücü və sərnişinlər yüngül  xəsarətlərlə ötüşüblər.

Həftə sonu Qaxda da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Qax şəhəri İsmayıl Dağıstanlı küçəsində qeydə alınıb. 38 yaşlı Qax  sakini Toğrul Paşayev idarə etdiyi “Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 68 yaşlı Adil Məhərrəmovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Adil Məhərrəmov Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Adil Məhərrəmov xəstəxanaya gətirilərkən ağır vəziyyətdə olub. Qapalı kəllə-beyin travması alan yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, ağır bədən xəsarətləri alan piyada, sentyabrın 28-i səhər saat saatlarında  keçinib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.