• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 13.10.2015 15:46

Bu il qərb bölgəsində taxıl bol olacaq

Qərb bölgəsinin bir sıra rayonlarında payızlıq taxıl səpininə başlanıb. Samux Ərazi Kənd Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu il ötən ilin analoji dövrünə nisbətən daha artıq sahədə əkin aparılacaq. Belə ki, 54 min 869 ha ərazidə taxıl səpinin aparılması planlaşdırılıb. Artıq ərazilərdə işin 60,2%-i icra edilib.

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin əhatə dairəsinə daxil olan Yevlax, Goranboy, Samux, Göygöl, Daşkəsən rayonlarında taxıl səpininə start verilib. Baxmayaraq ki, bu ərazilər üçün optimal müddət oktyabrın 15-dən 25-ə qədər hesab olunur. Qurumdan aldığımız məlumata görə, 39 min 730 ha ərazidə artıq şum qaldırılıb. 65 min 900 ha sahədə isə şumlanma işləri davam edir. Belə ki, bu günə 3 min 469 ha ərazidə səpin həyata keçirilib ki, bunun da 648 ha-ı buğda, 2821 ha-ı isə arpadır. Bundan sonra 51 min 400 ha-dan çox ərazidə səpin işinin aparılması nəzərdə tutulub. Təkcə Daşkəsən rayonunda 605 ha sahədə toxum səpilməsi planlaşdırılır. Qeyd edək ki, ötən il Yevlax, Goranboy, Samux, Göygöl, Daşkəsən rayonlarında ümumilikdə 47 min 880 ha payızlıq taxıl əkilib. 25 min 483 ha arpa, 22 min 397 ha buğda təşkil edən ərazi üzrə orta məhsuldarlıq 31,1 sentner olub. 78 min 702 ton arpa, 70 min 280 ton buğda tədarük edilən bu ərazilərdən ümumilikdə 148 min 982 ton strateji məhsul yığılıb. Arpanın orta məhsuldarlığı 30,9, buğdanınkı isə 31,4 sentnerlik göstəriciylə yadda qalıb.

Xəyalə Mürsəl