• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 11.10.2015 12:46

Uzun, eşmə bığlı usta görənlərin diqqətini çəkir

Uzun bığları, maraqlı siması onu digər həmyaşıdlarından fərqləndirir. Zarafatçıl, nurani qoca artıq 50 ildən artıqdır uzun bığ saxlıyır. Hər səhər xanımı ilə birgə ona həvəslə qulluq edir.

Eşmə bığ deyəndə ilk olaraq yada düşən ad Qaçaq Nəbidir. Tovuzun Əlimərdanlı kənd sakini 75 yaşlı Sayad Kazımov bığlarına görə heç də Nəbidən geri qalmır. Gənc yaşlarından dəmirçiliklə məşğul olan kənd sakinini rayonda hər kəs “ən uzun bığlı usta” kimi tanıyır. Avtomobillərin müxtəlif detallarını, elektrik avadanlıqlarını bərpa edən usta yaşının bu çağında da işdən yorulmur. Baba və atasının da eşmə bığları olduğunu deyən Sayad Kazımov elə onlardan ilhamlanıb.

Sayad Kazımov- Tovuz sakini: “Yemək yeyəndə, çay içəndə mane olmur. Hər il ucundan kəsirəm, kəsməsəm, hələ lap çox uzanar”.

Müsahibimizin sözlərinə görə, xanımı onun bığlarına xüsusi qulluq edir.

Sayad Kazımov- Tovuz sakini: “Hərdən xanımla dalaşanda, deyir, a kişi, kəs bu bığları. Kəsmirəm, o da darağı bərk vurur”.

Dilşad Kazımova  isə həyat yoldaşının bu əlaməti ilə tanınması ilə fəxr edir.

Dilşad Kazımova- Tovuz sakini: “Bir sinifdə oxumuşuq, o vaxtdan sevmişəm, indi də sevirəm. Əsgərliyə gedib gələndən sonra bığ saxladı. Əsgərliyə yola salıb 3 il yolunu gözləmişəm”.

4 övlad, 10-a yaxın nəvə-nəticə sahibi olan Əlimərdanlı sakini, bundan sonra da uzun bığları ilə diqqət mərkəzində qalacağını deyir.

Rahim İbrahimoğlu