• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2291
— 10.10.2015 15:22

Dekorativ bitkiləri daim təravətli saxlamaq üçün nələr etmək lazımdır?

Son illər istər Gəncənin park və xiyabanlarına, istərsə də həyətyanı sahələrə xüsusi gözəllik verən dekorativ ağac və gül kollarına olan tələbat artmaqdadır. Bəs digər bitkilərlə müqayisədə daha zərif və diqqət tələb edən bu bitikiləri daim təravətli saxlamaq üçün nələr etmək lazımdır?

Məlumata görə, dekorativ bitkilər hələ 4000 il bundan əvvəl qədim Misirdə yetişdirilməyə başlanılıb. Ölkəmizdə əsasən, estetik tələblərin ödənilməsi üçün əkilən dekorativ bitkilərdən park və xiyabanların landşaft dizaynında istifadə edilir. Mütəxəssislər bildirir ki, olduqca yaraşıqlı və gözoxşayan bu bitkiləri becərmək heç də asan deyil. Onlar ölkəmizə müxtəlif iqlim şəraitinə məxsus ölkələrdən gətirildiyi üçün, hər birinin özünəməxsus xüsusiyyəti var. Onlara göstərilən qulluq da fərqli olmalıdır.

Nizam Ağayev- mütəxəssis: “Ümumiyyətlə ağaclar da insanlar kimi canlıdırlar. Onlara vaxtlı-vaxtında qulluq etmək lazımdır, yumaq lazımdır. Necə ki, insan özunə baxanda təravətli olur, eləcə də ağaclara vaxtlı-vaxtında diqqət olunmalıdır ki, o da öz təravətini qoruyub saxlasın”.

Dekorativ ağaclar ölkəmizə əsasən İtaliya, Fransa, Misir və  Türkiyədən, gül kolları isə Hollandiyadan gətirilir. Gətirilən bitkilərin yerli iqlim şəraitinə uyğun, normal inkişaf etdirilməsi üçün bir sıra aqrotexniki qulluq göstərmək lazımdır. 

Nizam Ağayev- mütəxəssis: “Bəli, necə ki, dörd fəsil var, hər fəslin özünəməxsus da qulluq qaydaları, dərmanlamaları və qidalandırıcı gübrələri verilməlidir”.

Atalar yaxşı deyib. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Odur ki, mütəxəssisin də bildirdiyi kimi dekorativ ağaclara hər hansı bir bəzək əşyası kimi yox, təbiətdə var olan canlılar kimi yanaşmaq lazımdır. Çünki ağacların da digər canlılar kimi qayğıya ehtiyacı var.

Elton Cabbarlı