• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1375
— 09.10.2015 14:47

Qışda Gəncənin qazla təminatında problem yaşanmayacaq

Payız-qış mövsümündə Gəncədə əhali fasiləsiz mavi yanacaqla təmin olunacaq. Bunun üçün “Azəriqaz” İstehsalat Birliyinin tədbirlər planına əsasən şəhər ərazisində bütün daşıyıcı xəttlər, siyirtmələr, qaz şkafları tam yoxlanılaraq hazır vəziyyətə gətirilib.

Hazırda Gəncədə 80 mindən çox abonent mavi yanacaqdan istifadə edir və bu rəqəm günü-gündən artığından qaza olan tələbatın ödənilməsi üçün lazımi işlər aparılır. Gəncə Regional Qaz İstismarı İdarəsindən bildirilir ki, qarşıdakı aylarda mavi yanacağın verilişində hər hansı problem olmayacaq.

Şubay Nəsibov- Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi: "2015-2016-ci ilə payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı hazırlanıb. “Azəriqaz” İstehsalat Birliyindən bütün lazımi avadanlıqlar, materiallar alınıb. Qış aylarına demək olar ki, tam hazırıq. İstənilən gündə qazın təzyiqinin, tələbata uyğun sərfiyatının artırılmasına imkanımız var".

İdarənin nəzarətində olan rayonlarda əhalinin mavi yanacaqla təminatını yaxşılaşdırmaq üçün tədbirlər davam edir. Samuxun 4, Göygölün 3, Goranboyun isə 17 kəndinin qazlaşdırılması üçün görülən işlər yekunlaşmaq üzrədir.

Şubay Nəsibov- Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi: "Ümumiyyətlə region üzrə 25 yaşayış məntəqəsində qazlaşma işləri aparılıb. Bu proses tamamlanmaq üzrədir. Bir necə kənddə qazlaşma yekunlaşıb, digərlərində işlər davam etdirilir”.

Xatırladaq ki, kəndlərin əksəriyyətində əhali ilk dəfə olaraq mavi yanacaqla təmin olunacaq.

Xaliq Qurbanlı