• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 09.10.2015 12:58

Azərpoçt MMC-nin Gəncə filialı əhaliyə etibarlı şəkildə xidməti davam etdirir

Bu gün Ümumdünya Poçt İttifaqının yaranmasından 141 il ötür. İnkişaf etmiş ölkələrin statistikası göstərir ki, əhali arasında poçt xidmətinin növləri, bağlamaların, banderolların, məktub və korrespondensiyasının, pul baratlarının mübadiləsi gündən-günə artır. Respublikamız da bu dövlətlər sırasındadır. "Azərpoçt" MMC-nin bütün filialları kimi, Gəncə filialı da əhaliyə etibarlı şəkildə xidmət göstərir.

22 ildir Ümumdünya Poçt İttifaqının üzvü olan Azərbaycan hazırda dünyanın bir çox ölkəsi ilə bilavasitə beynəlxalq poçt göndərişləri, pul köçürmələri həyata keçirir. Göndərilən ölkədaxili və beynəlxalq  məktubların, teleqramların, kiçik paketlərin sayı keçən ilə nisbətən 2 dəfədən çox artıb. Bunun əsas səbəblərindən biri də poçt xidmətinin digər xidmətlərə nisbətən ucuz, etibarlı və əlverişli olmasıdır. 2009-cu ildən fəaliyyətdə olan "Azərpoçt" MMC-nin Gəncə Filialı 1 Müştəri Xidmətləri, 21 Poçt şöbəsi ilə əhaliyə poçt-bank, maliyyə xidmətləri göstərir. "Azərpoçt"un Gəncə filialında ümumilikdə 144 nəfər çalışır ki, onlardan 92-si qadın, 53-ü isə 35 yaşına kimi olan gənclərdir.

Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl rayon poçt filialları, Gəncədə yerləşən Kəlbəcər və Naftalanda yerləşən Xocalı rabitə qovşaqları da Gəncə Regional Poçt filiallarına birləşdirilib.

Gəncə Regioanl Poçt Filialı artıq üçüncü ildir ki, bank xidmətləri göstərir. Əgər 2012-ci ildə poçtun bank xidmətlərindən sadəcə 1 təşkilat istifadə edirdisə, bu gün bu rəqəm 10-a çatıb. Həmin təşkilatlar üçün 2000-ə yaxın plastik kart emissiya edilib və onların əməkhaqqları plastik kartlar vasitəsi ilə poçtun bankomatlarından ödənilir.

"Azərpoçt" MMC-nin ATM cihazları isə şəhrin üç yerində - Filialın Müştəri xidmətləri, 1 və 24 saylı poçt şöbələrində quraşdırılıb və əhaliyə xidmət göstəirir.

Filialın bütün poçt şöbələrində valyuta mübadiləsi, pul köçürmələrinin qəbulu və ödənişi həyata keçirilir. Şənbə, bazar və bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” lahiyəsi çərçivəsində “Elektron imza” xidməti  də təşkil edilib və “Elektron hökumət” portalından istifadə etmək üçün təxminən 500 müştəriyə kod verilib. Bütün şöbələrdə KÖMİS sistemində elektrik enerjisi, qaz və su təchizatına görə ödənişlər, Dövlət Gömrük Komitəsi, Vergilər, İqtisadiyyyat və Sənaye nazirlikləri, Azərbaycan İpoteka və Dövlət Sosial Müdafiə fondlarının ödəmələri ilə yanaşı, Daxili İşlər Nazirliyinin rüsumları və Dövlət Yol Polisi cərimələrinin qəbulu da həyata keçirilir.

Gülnar Fazilqız