• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 07.10.2015 19:48

Ölkədə bir neçə oğurluq faktı aşkarlanıb

Mərc oyunlarında uduzan Qazax sakini kirayə qaldığı evin sahibindən pul və qızıl oğurlayıb.  Abşeronda isə mənzillərə qənim kəsilənlər tutulub.  Bakıda da oğurluq hadisəsi baş verib. Bu dəfə yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarını oğurlayanlar saxlanılıb.

Masazır qəsəbə sakini Gülnar Muradova Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək mənzilindən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 2250 manat nağd pulunun oğurlanması barədə əlumat verib. Əməliyyat tədbirlərinə başlayan polis hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini 39 yaşlı Rəmzi Əliyevi saxlayıb. Qeyd edək ki, Gülnar Muradovanın həyətindəki evdə kirayə yaşayan  Rəmzi Əliyev  3 il bundan əvvəl mərc oyunlarında  3 min manat uduzandan sonra çıxış yolunu oğurluq etməkdə görüb.

Abşeron rayonunun Qobu qəsəbəsində də analoji fakt qeydə alınıb. Əslən İmişli rayonundan olan Mustafa Mustafayevin  fərdi yaşayış evindən oğurluq olub. Yaxınları ilə görüşmək üçün İmişli rayonuna getdiyi müddətdə onun kasıb komasına da tamah salan tapılıb. Səhər saatlarında qardaşının verdiyi xəbərlə Mustafa Mustafayev Qobuya qayıtmalı olub. Dərhal Abşeron RPİ-yə müraciət edib. Dəymiş ziyanın böyük hissəsini evindən götürülən 40 min Rusiya rublu təşkil edib.

Bakıda isə  Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinə müraciət edərək son günlər paytaxtın mərkəzi küçə və prospektlərində, eləcə də xüsusi dövlət əhəmiyyətli yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarının qeyri-müəyyən şəraitdə oğurlanması barədə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı İmişli sakini, əvvəllər məhkum olunan Müşfiq Həsənov və Bərdə sakini Ülfan Alıyev saxlanılıb.  İlkin dindirmə zamanı onlar cinayət törədərkən Muşfiq Həsənovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşından istifadə etdiklərini, son iki ay ərzində yağış sularının axıdılması üçün quraşdırılan 70-ə yaxın dəmir barmaqlıqları oğurladıqlarını etiraf ediblər.

Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İlham Məmmədzadə