• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 05.10.2015 18:44

Sumqayıt və Şirvanda narkotik vasitə saxlayan şəxslər yaxalanıb

Sumqayıtda mebel sexində taxtalardan əlavə tiryək də saxlayan 2 İran İslam Respublikası vətəndaşı elə iş başında yaxalanıb. Şirvan sakini isə ağ ölümü çox da uzağa aparmayıb. Çətənə kolları onun yaşadığı yerdə aşkar edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıt şəhərində yaşayan İran vətəndaşları - Fərhad Mohcil və Mahmud Mərhəmətin işlədikləri mebel təmiri sexinə baxış keçiriblər. Bu zaman hər iki şəxsin üzərindən və işlədikləri yerlərdən ümumi çəkisi 11 qrama yaxın olan ağır tərkibli narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.  Hazırda cinayətin digər iştirakçılarının da tapılıb-tutulmaları və  məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Şirvan sakininin isə həyətində çətənə kolları aşkar edilib. Şəhərin  Mustafayev küçəsi, 31 ünvanında yaşayan 45 yaşli Asif Nağıyevin həyətində yerləşən tikilinin ərazisindən çətənə kolları aşkar edilərək götürülüb. Daha sonra onun evinə baxış keçirilərkən müxtəlif üsullarla qablaşdırılmış metal qutuda 10,15 qram, kibrit qutusunda 6,73 qram, 7,53 qram və 0,93 qram çəkilərdə qurudulmuş marixuana aşkar edilib. Asif Nağıyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Ruhəngiz Hacızadə