• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2618
— 05.10.2015 15:53

Bir gündə 3 nəfəri bıçaqladılar

Deyirlər, qonşu qonşunun külünə möhtacdır. Ancaq Abşeronda yaşayan gənc bu deyimi qonşusunu bıçaqlayandan sonra yada salıb. Ağstafada isə toyda musiqi sifarişi rayon sakininə baha başa gəlib. O, əylənmək üçün gəldiyi məkanda bıçaqlanaraq xəstəxanalıq olub.  29 yaşlı gənc isə Gəncədə bıçaqlanıb.

Abeşron rayonunun Hökməli qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında bıçaqlanma faktı qeydə alınıb. Marketin yaxınlığında yaşayan İlqar Yusubovla qonşuluqda yaşayan İlyas Mehrəliyev arasında mübahisəyə qanla yekun vurulub. Hadisəni törədən İlyas Mehrəliyev Abşeron rayon polis idarəsinə gələrək könüllü təslim olub. 27 yaşlı İlyas Mehrəliyev hadisənin söyüş üstündə olduğunu bildirib. O, törətdiyi əməldən peşman olduğunu da dilə gətirib.

Ağstafada musiqi sifarişi üstündə düşən dava da bıçaqlanma ilə nəticələnib. Hadisə rayonun Aşağı Göycəli kəndində keçirilən toy mərasimində qeydə alınıb. Məclisə dəvət alan Həsən və Boris Məmmədovlar yeyib-içdikdən sonra rəqs etmək üçün musiqi sifariş ediblər. Həsən Məmmədov ailəsi ilə rəqs edərkən, Boris Məmmədov musiqini dayandırıb. Qəzəblənən Həsən Məmmədov həmin şəxsi bıçaqlayaraq toydan çıxıb. Dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Həsən Məmmədov isə saxlanıb.

Gəncədə də bıçaqlanma hadisəsi baş verib. 29 yaşlı Murad Babarabov bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağırdır. Murad Babarabovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə