• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 03.10.2015 16:24

Gəncəli müəllimlər Tərəqqi medalı və fəxri ada layiq görülüblər

Azərbaycan Respublikası Prezidentinin təhsil işçilərinə fəxri adların verilməsi haqqında sərəncamına əsasən Gəncədən bir müəllim Tərəqqi medalı ilə təltif olunub, digəri isə əməkdar müəllim adı alıb.

Gəncə şəhər İsmət Qayıbov adına 1 sayılı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Sayalı Balakişiyeva. Artıq başqa adla da deyə bilərik - Azərbaycanın əməkdar müəllimi. 1975-ci ildən bu məktəbdə dərs deyən Sayalı müəllimə 40 illik fəaliyyəti dövründə ona yaraşan ən layiqli adını alıb. Sevincini isə bizimlə bölüşüb...

Sayalı Balakişiyeva- müəllim: "Mən o dərəcədə sevindim ki, zəhmətə illərin əziyyətinə qiymət verən insanlar var. Bu insanlara öz minnətdarlığımı bildirirəm. Bundan sonra da təhsilimizdə gözəl nailiyyətlər əldə olunsun. 40 illik zəhmətimin bəhrəsini görəndə gözlərim sevincdən doldu".

Daha bir uğur qazanan müəllim isə 19 saylı tam orta məktəbin tarix müəllimi Dilbər Bəhlulovadır. 18 ildir pedaqoji fəaliyyət göstərən müəllimə Tərəqqi medalı ilə təltif edilib.

Dilbər Bəhlulova- müəllim: "Bu xəbəri alanda hansı hisslər keçirdim, bunu sözlə ifadə etmək mümkün deyil... Bu tək mənim deyil kollektivimizin uğurudur. Bu işdə əməyi keçən bütün insanlara dərin təşəkkürümü bildirirəm".

Deyirlər insanı kamilliyə çatdırmaq məqsədi güdən sənət, peşələrin ən şərəflisidir. Şərəfli peşənin kamil peşəkarları illərin zəhmətindən doğan fəxri adlarınız mübarək. Səsiniz hər zaman ucadan gəlsin... Çünki, bu həyatda səsini ucaltmaq haqqı yalnız müəllimə məxsusdur.

Zülfiyyə Telmanqızı