• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 03.10.2015 14:34

Gəncədə ilk dəfə yeni görkəmdə xalça toxunur

Azərbaycan xalçaçılıq sənətində ilk dəfə Gəncədə şəhərin tarixi abidələrini özündə əks etdirən xalça toxunur. “Gəncə abidələri” adlı bu xalça Şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin Xalçaçılıq dərnəyində ilmələrə düzülür.

Toxunmasına ötən ilin martından başlanılan sənət əsərinin layihəsi də elə Gəncə Şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzi tərəfindən hazırlanıb. Burada İmamzadə Dini Memarlıq kompleksi, Şah Abbas məscidi, Çökək hamam, Nizami Gəncəvi məqbərəsi, Cavadxan, Comərd Qəssab turbələrinin, eləcə də Kəpəz dağının, Gəncə Qala kompleksinin və Şəhər İcra Hakimiyyətinin inzibati binasının portretləri əks olunur. Xalçanı dərnəyin iki müəlliməsi toxuyur və əsər sadə forması, rəngarəngliyi ilə fərqlənir. Gəncə xalçaçılıq məktəbinə xarakterik olan ornamentlər və rənglər də əsərdə öz əksini tapır.

Afaq Qəribova- Toxuculuq dərnəyinin rəhbəri: “Bu xalçada müxtəlif cür ipliklərdən istifadə olunub. Həmin ipliklərdə arğac sapları da öz əksini tapır. İpliklərimizin müxtəlifliyinə səbəb Gəncəmizin qədimliyini göstərməkdir. Orada kərpiclərin rəngi, Cavadxan türbəsinin rənginin təbiiliyini çalışmışıq ki, çatdıra bilək. Həddən artıq sapların toxunuşunda sıxlıq var. Bu da həmin çalarların çox gözəl alınmasına, istədiyimiz fonda olan Gəncənin portretinin gözəl alınmasına səbəb olacaq”.

“Gəncə abidələri” xalçasının eni 1m 30 sm, uzunluğu isə 1m 50 sm olacaq. Bu ayın sonuna kimi təhvil verilməsi planlaşıdırılan sənət əsəri dərnəkdə toxunan ikinci xalçadır.

Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzində hazırda 16 adda dərnək var. Xalçaçılıq dərnəyi isə 2013-cü ildən fəaliyyət göstərir.

Elnur Vahidoğlu