• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 02.10.2015 12:29

Göygöl Milli Parkında Qış turizm mərkəzi yaradıla bilər

Göygöl Milli Parkının yenidən turistlərin üzünə açılması bu bölgəyə üz tutanların sayını qısa müddət ərzində xeyli artırıb. Bölgəni görməyə gələn turistlər arasında əcnəbilər də az deyil. Burada qış turizminin inkişaf etdirilməsi üçün xeyli imkanlar da var. Bu haqda qarşıdakı materialda daha ətraflı...

Göygöl Milli Parkını son iki ay ərzində 10 mindən çox turist ziyarət edib. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsindən bildirilib ki,  turistlərin demək olar ki, 30 faizə yaxını dünyanın müxtəlif ölkələrindən olan əcnəbilərdir. Bu da həm bölgə, həm də ümumilikdə ölkə turizminin inkişafına müsbət təsir göstərəcək.

Şərqiyyə Hümbətova- Göygöl Rayon Mədəniyyət və Turizm şöbəsinin rəisi: “Çünki bilirsiz ki, Göygöl dünyanın ən böyük mənzərələrindən biri hesab olunur. Həqiqətən də göllər içində bir incidir. Göygöl haqqında çox sözlər deyilir. Elə ona görə də yəqin ki, bu xarici turistləri də cəlb edir. Həmçinin bizim öz yerli turistlərimizi də cəlb edir. Demək olar ki, bu yay bura gələn maşınların ucu-bucağı görünmürdü”.    

Bölgədə qış turizminin inkişafı üçün də imkanlar mövcuddur. Artıq bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə təklif verilib.

Şərqiyyə Hümbətova- Göygöl Rayon Mədəniyyət və Turizm şöbəsinin rəisi: “Biz Göygöl Mədəniyyət və Turizim Şöbəsi olaraq öz nazirliyimizdən xahiş etmişik ki, Şahdağ Qış Turizim Mərkəzində olduğu kimi bizim ərazidə də Qış turizm istirahət mərkəzi yaradılsın. Yəqin ki, nazirlik tərəfindən nəzərə alınar və gələcəkdə burada da qış turizm mərkəzi yaradılar.

Bölgədə qış turizminin inkişaf etdirilməsi, yay fəslində olduğu kimi qış aylarında da milli parka çox sayda turistin gəlməsinə imkan yaradacaq. Bu da öz növbəsində ərazinin turizm imkanlarından mövsümi yox, il boyu yararlanmaq deməkdir.

Elton Cabbarlı