• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 02.10.2015 00:46

Şəmkirdə qonşular və qardaşlar arasında bıçaqlanmalar olub

Şəmkirdə bir gündə iki bıçaqlanma faktı qeydə alınıb. Hadisələrdən biri rayonun Keçili kəndində baş verib. Kənd sakini 29 yaşlı Xəyal Əliyev qonşusu 25 yaşlı Vüqar Orucov tərəfindən bıçaqlanıb. Bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirdiyindən vəziyyəti ağır olub və dərhal əməliyyat edilib. Zərərçəkənin vəziyyəti ağır olaraq qalır. İlkin məlumata görə, bıçaqlanmaya tərəflərin telefon borcu üstündə mübahisəsi səbəb olub. Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törədən Vüqar Orucov saxlanılıb.

Daha bir qanlı olay Şəmkir rayonunda yaşayan Niftalıyevlər ailəsində yaşanıb. Ailənin kiçik övladı Seymur Niftalıyev mübahisə zəminində böyük qardaşı 42 yaşlı Teymuru bıçaqlayıb. Sonuncu aldığı bıçaq zərbəsindən sonra xəstəxanaya çatdırılıb və dərhal əməliyyata götürülüb. Hazırda vəziyyəti ağırdır.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Natiq Hüseyn