• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2067
— 01.10.2015 16:25

İstedadlı əlillər

İl yarımdır fəaliyyət göstərən İstedadlı Əlillər İctimai Birliyinin iki aya yaxındır ki, Gəncə Regional Bölməsi fəaliyyətə başlayıb. Birlik Azərbaycanın müxtəlif bölgələrində yaşayan fiziki məhdudiyyəti olan istedadlı insanların cəmiyyətə inteqrasiyasına çalışır.

Sahib Xasıyev İstedadlı Əlillər İctimai Birliyinin üzvüdür. Oymaçılıq sənəti ilə məşğul olur. O, bu sənətə Gənc Əlillərin Peşə və Reabilitasiya Mərkəzində yiyələnib.

Sahib Xasıyev – İstedadlı Əlillər İctimai Birliyinin üzvü: "İlk başladığım iş tar- kamança olub. Orada heç kim inanmırdı ki, mən nə isə bacararam. Çünki bir əllə işləyirdim. Orada ən çətinlik dərəcəsi məndə idi".

Sahib bu günə kimi 100-ə yaxın iş təhvil verdiyini deyir. Onlar arasında xüsusi yeri isə tarixi abidələr tutur.

Sahib Xasıyev - İstedadlı Əlillər İctimai Birliyinin üzvü: "Orada mən bir yenilik etdim. Şüşə çərçivə içərisində bir iş hazırladım. Şüşə çərçivə dərinlik verirdi işə. Burada tarixi abidələri yerləşdirdim. Qız qalası, neft buruqları... Ön hissəyə isə 7 musiqi alətini: tar, kamança, qabal, nağara, zurna, saz - yerləşdirdim. Demək olar ki, ən uğurlu işim o oldu".

Bu gənc İctimai Birliyin istedadlı üzvlərindən sadəcə biridir. Birliyin Regional bölgəsinin yaradılmasına elə Qərb zonasından olan üzvlərin çoxluğu səbəb olub. Fəaliyyət göstərdiyi iki aylıq müddətdə Regional bölmə istedadlı əlillərin əl işlərinin satış sərgisini təşkil edib və artıq Bakı şəhərində təşkil olunacaq növbəti sərgiyə hazırlaşır.

Məsləhət Tufan -“İstedadlı Əlillər” İctimai Birliyinin üzvü: "Anadangəlmə əliləm. Bir əlim-ayağım yoxdur. Özüm yazı-pozu adamıyam. Üç kitabın müəllifiyəm. Jurnalistlər birliyinin, Yazıçılar Birliyinin üzvüyəm. Hüququ fərqlənmə diplomu ilə bitirmişəm. İşlərimə görə, mən mərhum prezident Heydər Əliyevin doğum günündə qızıl suyu ilə yazılmış diplomla təltif olunmuşam".

Regional bölmə üzvlərinin yaşadığı yeganə problem isə fəaliyyət göstərəcək ofislərinin olmamasıdır. İB-nin Gəncə Regioanl Bölməsinin sədri Turac Babayeva bildirir ki, işləyə biləcəkləri məkan olsa, daha çox əlilə yardım göstərə bilərlər.

Turac Babayeva - İstedadlı Əlillər İctimai Birliyinin Gəncə Regioanl Bölməsinin sədri: "Elə olur ki, əlil insan istəmir sağlam insanın yanında nə isə öyrənsin. Özü çəkinir ki, əliləm, o sağlamdır. Sağlam insanla münasibət qura bilmir. Utanır nəyisə öyrənməyə. Amma əlil əlildən öyrənəndə daha asan olur. Əlil əlili başa düşür və ona çətindirsə 5 dəfə də olsa öyrədir, 15 dəfə də olsa".

Qeyd edək ki, İstedadlı Əlillər İctimai Birliyi il yarımdır fəaliyyət göstərir. Birliyin baş ofisi isə Bakı şəhərində yerləşir.

Gülnar Fazilqızı