• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 30.09.2015 15:26

Cənubi Qafqazın ən böyük Süni Mayalanma Mərkəzində embrion köçürüləcək

Yerli heyvan cinsləri arasında cırlaşmanın və məhsuldarlığın azalmasının qarşısını almaq üçün  süni mayalanma yolu  ilə bir sıra təsərrüfatlarda  yeni cinslər əldə olunur. Göygöldə Respublika Süni Mayalanma Mərkəzinin yaradılması da məhz bu problemin həlli istiqamətində atılan ən mühüm addımlardan biridir.

2009-cu ildən fəaliyyətə başlayan mərkəz tərəfindən fərdi və fermer  təsərrüfatlarında süni mayalanma yolu ilə yeni cins ətlik və südlük heyvan yetişdirilir. Bu da məhsuldarlıq baxımından yerli sortlarla müqayisədə daha əlverişlidir.

Ramiq Abbasov- Respublika Süni Mayalanma Mərkəzinin direktoru: “Bu, artıq göz qabağındadır ki, bölgələrdə hər doğulan 5 baladan biri süni mayalanma ilə doğulur. Fermerlərin və təsərrüfat sahiblərinin bu sahəyə ciddi maraqları var. Bunun üçün də respublikanın bütün regionlarında, zona baytarlıq laboratoriyalarının nəzdində nümayəndəliyimiz var. Və hər bir bölgəyə vaxtında toxum, maya, azot çatdırılır”. 

Bu sahənin daha da inkişaf etdirilməsi üçün rayonda Cənubi Qafqazın ən böyük Süni Mayalanma Mərkəzi inşa edilir. Mərkəzin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Ramiq Abbasov- Respublika Süni Mayalanma Mərkəzinin direktoru: “Burada əsas fikirimiz ilkin olaraq kadr hazırlamaq, bundan əlavə xarici ölkələrdən ən təmizqanlı, ən məhsuldar heyvanların gətirilməsidir. Həmçinin burada embrion köçürmə mərkəzi də yaradılacaq. Və bu işlərlə biz Azərbaycanda demək olar ki, tam sürətlə inkişafa nail olacağıq”.

Qeyd edək ki, heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı prezidentin imzaladığı sərəncama əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən ediləcək.  

Elton Cabbarlı