• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1856
— 30.09.2015 11:12

Gəncə, Tovuz və Lənkəranda avtoqəzalar nəticəsində ölən və yaralananlar var

Tovuzda sərnişin avtobusu, Lənkaranda minik maşınları qəzaya düşüb. Gəncədə isə avtomobil piyadanı vurub.

Gürcüstandan Bakıya gedən sərnişin avtobusu Tovuzda qəza törədib. Nəqliyyat vasitəsi gecə saatlarında magistral yolun Dönük Qırıqlı kəndi ərazisində qoyun sürüsünə çırpılıb. Sürüdə olan xırdabuynuzlu heyvanlardan biri tələf olub, biri isə yaralanıb. Avtobusu yüksək sürətlə idarə etmədiyini deyən sürücü Qabil Əsədov çobanı məsuliyyətsizlikdə günahlandırıb. Bildirib ki, Rizvan adlı çoban qoyunları heyvanlar üçün ayrılan keçiddən deyil, yolun avtomobillərin sürətlə hərəkət etdiyi hissəsindən keçirib. Qəza zamanı avtobusda 40-a yaxın sərnişin olub, xoşbəxtlikdən xəsarət alan olmayıb. Baş verən hadisə magistral yolda hərəkət edən digər sürücüləri həyacanlandıraraq növbəti qəzaya yol açıb. Belə ki, ərazidə iki minik maşını toqquşub, xəsarət alan yoxdur.

Lənkəranda isə bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Lənkəran şəhər sakini Ruslan Həsənovun idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili Vahab Bağırovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə  toqquşub. “VAZ-21099”-un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Gəncə şəhərində isə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Bakı istiqamətinə çıxışında, Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. “Daewoo” markalı minik avtomobili hərəkətdə olarkən yolu süpürən Kəlbəcər rayonundan olan məcburi köçkün qadını vurub. Daha sonra avtomobil yolun kənarında olan divara çırpılaraq yararsız hala düşüb. Qadın hadisə yerində dünyasını dəyişib. Maşında olan 36 yaşlı Əlizamin Hüseynov, 30 yaşlı Mansur Əliyev, 35 yaşlı Razim Pənahov və 33 yaşlı Kənan Məmmədov isə müxtəlif bədən xəsarətləri alıb.  Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktlar araşdırılır.

Gülnar Fazilqızı