• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 28.09.2015 15:58

Göygöl rayonunun 2 kəndinə mavi yanacaq veriləcək

Respublikada dağ kəndlərinin qazlaşdırılması çərçivəsində Göygöl rayonunun bir neçə kəndində işlərə başlanılıb. Sovet dönəmində belə mavi yanacağa həsrət qalan yaşayış massivlərinin bu ilin sonuna qədər qazlaşdırılması nəzərdə tutulur.

Göygölün Yuxarı və Aşağı Qızılca kəndlərində daşıyıcı qaz xətlərinin çəkilməsi prosesi həyata keçirilir. 1400-ə qədər evin olduğu hər iki kənddə işlər 15 briqada ilə paralel şəkildə aparılır. Müxtəlif diamterli boruların mənzillərə təyinatı üzrə çəkilməsi tam yekunlaşdıqdan sonra sayğacların quraşdırılmasına başlanılacaq.

Rafiq Əkbərov- sahə rəisi: "1 aydır biz burada işlərə başlamışıq. Tam olaraq bu günə kimi tərəfimizdən 2 kənddə 30 kilometrə yaxın qaz xəttlərinin çəkilməsi təmin olunub. 15 briqada ilə işləyirik. Yuxarı Qızılca kəndində abonent sayı az olduğu üçün 3 briqada orda, Aşağı Qızılca kəndi böyük olduğu üçün 12 briqada burada iş başındadır".

Xətlər yoxlanıldıqdan sonra istismar olunması üçün Gəncə Regional Qaz İdarəsinə təhvil veriləcək. Kənd sakinləri qış mövsümünü mavi yanacaqla qarşılamaq üçün səbirsizlənirlər.

Podratçı şirkətdən verilən məlumata görə, hər iki kənddə qaz xətlərinin çəkilməsi işləri tam yekunlaşdıqdan sonra bu ilin noyabr ayında abonentlərə mavi yanacağın verilməsi təmin olunacaq.

Xaliq Qurbanlı