• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2014
— 28.09.2015 15:43

Şəmkirdə göz xəstəliklərindən əziyyət çəkənlər üçün tibbi aksiya keçirilib

Şəmkir rayonunda növbəti tibbi aksiya keçirilib. Xəstələri paytaxt Bakıdan təşrif buyuran ixtisaslı həkim briqadası müayinə edib. Səyyar həkim briqadası tərəfində zəruri hallarda əməliyyatlar da həyata kerçirilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası tərəfindən aparılan 2 günlük aksiya zamanı göz xəstəliyindən əziyyət çəkən 300-ə yaxın sakinin müayinəyə cəlb edilməsi planlaşdırılır. Aksiyanın ilk günündə 100-dən çox vətəndaş müayinədən keçirilib. Onlardan 30 nəfəri əməliyyat edilib.

İsa Mehtiyev- aksiya iştirakçısı: “Əməliyyat hamı üçün yaxşı keçdi. Bu aksiya hamının ürəyincədir. Allah hamının gözünə işıq versin!”.

Əsmət Alıyeva- aksiya iştirakçısı: “Gözümün ikisi də tutulmuşdu. Müayinədən keçirdilər və müalicə yazdılar. Çox yaxşıdır”. 

Sözügedən aksiya Şəmkirdə artıq ənənə halını alıb. Ötən ilin müvafiq dövründə də mərkəzin səyyar həkim briqadası yerli sakinləri müayinədən keçirib. Bundan başqa, rayonda fəaliyyət göstərən oftolomoloji kabinet gündəlik olaraq yerli sakinlərə xidmət göstərir.

Nurəddin Əhmədov- Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “Bizim rayon poliklinikamızda oftolmoloji kabinetimiz var. Burada 2 həkim fəaliyyət göstərir. Bizdə göz xəstəliklərinin diaqnostikasına ən müasir avadanlıqlardan istifadə olunur. Buna baxmayaraq mərkəzdən əhaliyə xidmətin yaxşılaşdırılması baxımından bu, çox yaxşı haldır”.

Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən əsasən yaşlı nəslin nümayəndələri istifadə edib.

Natiq Hüseyn