• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3488
— 28.09.2015 14:09

Göygöl rayonunda payızlıq taxıl əkini üçün hazırlıqlar gedir

Torpağın şumlanması başa çatdıqdan sonra, oktyabrın 1-dən taxıl səpininə başlanılacaq.

Göygöldə payızlıq taxıl əkini üçün torpağın şumlanmasına sentyabrın əvvəlindən başlanılıb və malalanma işi yekunlaşıb. Rayon üzrə 5978 ha-da payızlıq taxıl əkiləcək ki, bu da ötən illə müqayisədə 2539 ha çoxdur. Artıq səpiləcək toxumlar  növlərinə görə seçilib və anbarlara yığılıb.

Göygöl rayonunda anbarlara yığılan taxıl kisələrinin üzərinə etiketlər vurulub. Burada taxılın sortu, çəkisi eləcə də dərmanlamada istifadə olunan dərmanın adı yazılıb.

Respublikada 20 sort taxıl toxumu əkilir ki, onlardan da 16-sı buğda, 4-ü isə arpadır. Bu taxıl sortlarından çoxu Göygöl rayonunda əkilir.   

Nəriman Ələkbərov- Göygöl rayon Dövlət Toxum Müfəttişliyinin rəisi: “Azəri, Aran, Əzəmətli 95, Əkinçi 84 buğda sortları, arpa sortlarında Qarabağ 22, Cəlilabad 19 özlərini yaxşı göstərir. Əsas odur ki, torpaq səpinə qədər becərilsin, toxum optimal müddətdə səpilsin və torpağa lazım olan mineral üzvü maddələr verilsin. Əgər o yoxdursa ac, yorğun torpağa nə qədər yaxşı toxum səpsək də kifayət qədər normal məhsul ala bilmərik”.

Göygöl rayonu üzrə bu il 3300 ton payızlıq taxıl səpiləcək ki, bu da ötən illə müqayisədə 1300 ton çoxdur. Əkiləcək taxılın 2700 tonu buğda, 600 tonu isə arpadır.

Elnur Vahidoğlu