• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 28.09.2015 00:18

Lənkəran, Bakı və Goranboyda piyadavurmalar nəticəsində 2 nəfər canından olub

Yük qatarı Lənkəranda 77 yaşlı kişinin həyatına son qoyub. Bakıda da bədbəxt hadisə yaşanıb. Ard-arda iki avtomobil tərəfindən vurulan piyada dünyasını dəyişib. Goranboyda baş verən qəzada isə piyada ölümün bir addımlığından dönüb.

Lənkaranda qeydə alınan hadisə  Osmanlı-Astara dəmir yolunun 150-ci kilometrliyində, yolun Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük qatarı yolu keçmək istəyən 77 yaşlı Qiyas Ağayevi vurub. Lənkəran şəhər sakini hadisə yerində ölüb.

Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki şadlıq evlərindən birinin qarşısında da qəza qeydə alınıb. Toy məclisindən çıxan 60 yaşlı İsrafil Məstəliyevi əvvəlcə "Opel" daha sonra isə, "Hyundai" markalı avtomobil vurub. Zərbələrin təsiri güclü olduğundan  piyada hadisə yerində ölüb. İlkin araşdırma zamanı məlum olub ki, "Hyundai" markalı avtomobilin sürücüsü hadisəni törətdikdən sonra avtomobili ilə ərazidən uzaqlaşıb. Polis əməkdaşları avtomobilin dövlət nömrə nişanlarından birini ərazidə tapdıqdan sonra axtarışlara başlayıb. Nizami RPİ-nin əməkdaşlarının verdiyi məlumata görə, hadisənin baş vermə səbəbləri ərazidəki müşahidə kameralarına baxıldıqdan sonra bilinəcək.

Goranboyda isə 36 yaşlı şəxs avtomobillə vurulub. Ötən gün axşam saat 23:00 radələrində Goranboy rayon sakini 36 yaşlı Vüsal Ələsgərov bədənin müxtəlif nahiyələrində çoxsaylı xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər dərhal yaralını Travmatologiya şöbəsinə yerləşdirirək lazımi tibbi yardım göstəriblər. Ələsgərovun yaxınlarının bildirdiyinə görə, xəstə yaşadığı Dəliməmmədli şəhəri ərazisində avtomobil vurması nəticəsində xəsarət alıb. Yaralının vəziyyəti orta-ağırdır. Onun kim tərəfindən və hansı avtomobillə vurulduğu məlum deyil.

Bütün faktlarla bağlı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

İlham Məmmədzadə