• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2141
— 27.09.2015 14:12

Gəncədə “II Beynəlxalq Onkoloji Konfrans” keçirilib

Gəncədə Milli Onkologiya Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə “II Beynəlxalq Onkoloji Konfrans” keçirilib. Konfransda Böyük Britaniya, Almaniya, Ukrayna və digər xarici ölkələrin onkoloq-alimləri iştirak ediblər.

Azərbaycan və Avropanın aparıcı onkoloji mütəxəssislərinin iştirak etdiyi konfransda müasir diaqnostika məsələləri, süd vəzi xərçənginin müalicəsi və rekonstruktiv cərrahiyyəsi, uşaq onkologiyası, baş-boyun xərçəng xəstəliklərinin müalicəsində yeni metodların tətbiqi və digər mövzularda məruzələr dinlənilib. Bu sahədə əldə edilən son nailiyyətlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Azad Kərimli -Səhiyyə Nazirliyinin baş mütəxəsisi, baş onkoloq: "Konfransın Beynəlxalq xarakterdə olması və onun Gəncə şəhərində keçirilməsində məqsədimiz həm Gəncə-basar bölgəsində çalışan tibb mütəxəssislərinin maarifləndirilməsindən ibarətdir. Bu gün onkologiya sahəsində çox böyük nailiyyətlər mövcuddur. Bu nailiyyətlərin bölgələrdə də paylaşılması yaxşı olardı".

Respublikada mövcud olan onkoloji vəziyyəti isə mütəxəssislər müsbət qiymətləndirir.

Azad Kərimli - Səhiyyə Nazirliyinin baş mütəxəsisi, baş onkoloq: "Hazırda Milli Onkologiya Mərkəzi çox böyük inkişafdadır və bu inkişaf davam edir. Mərkəz ən müasir avadanlıqlarla təchiz olunub. Burada tam sağalmaya nail olmaq mümkündür. O da xəstənin həkimə vaxtında müraciət etməsindən və həkimin onkoloji xəstəliyi nəzərdən qaçırmamağından asılıdır".

Hazırda respublika ərazisində 37 982 onkoloji xəstə qeydiyyatdadır. Əhali sayını nəzərə alaraq bu rəqəmi qonşu dövlətlərlə müqayisə edən onkoloqlar bunun olduqca aşağı göstərici olduğunu deyirlər.

Gülnar Fazilqızı