• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 21.09.2015 18:23

Qurban kəsmək üçün qoyunları oğurlayan oğru dəstəsi polisdən çox uzağa qaça bilmədi

Zərdab və Ucar rayon polis şöbələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən 3 nəfərdən ibarət qrup yaxalanıb. Onların əsasən qurban kəsmək üçün yararlı olan qoyunları oğurladığı məlum olub.

Zərdabın Şəftəhal kənd sakini Nisə Məmmədova polisə şöbəsinə müraciət edərək həyətyanı sahəsindən 3 baş qoyunun oğurlandığını bildirib. Müraciətdən sonra keçirilən əməliyyat zamanı Bərdə rayon sakinləri-32 yaşlı Elman İsmayıl oğlu İsmayılov, onun qardaşı, 33 yaşlı Tariyel İsmayılov və 25 yaşlı Ramin Zeynalov şübhəli şəxs qismində saxlanılıblar. Məlum olub ki, onlar Qurban bayramının yaxınlaşdığını düşünərək məhz qurban kəsmək üçün yaralı olan heyvanları oğurlamağa üstünlük veriblər. Planlarını isə gündüz saatlarında kəndləri gəzərək həyata keçiriblər.

Taryel İsmayılov- saxlanılan şəxs: “Bərdədən gəlib Ucarın kəndinə qoyun götürmüşük. Sonra da gəlib Zərdabın kəndindən götürüb aparmışıq. Elədiyimiz işə peşmanıq. Heç bir cavanlara da məsləhət bilmirəm”.

Yaxalanan şəxslər tutduqları əməldən peşmanlıqlarını ifadə ediblər. İndi onların digər oğurluq əməllərində əllərinin olub-olmadıqları araşdırılır. 

Arif Muradoğlu- müstəntiq: “Hələ ki ehtimal var ki, digər rayonlarda da analoji cinayət işi törətmişlər. Digər rayonların ərazisində analoji cinayət törədib-törətməməsi ilə əlaqədar istintaq əməliyyat tədbirləri davam etdirilir”.

Hazırda isə hər üç şəxs barəsində Zərdab rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rəhman Əsədov