• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 18.09.2015 17:59

Qaxda yaşlı ər-arvad naməlum şəxslər tərəfindən döyülüb

Rayonun Qaxingiloy kəndində yaşayan yaşlı  ər-arvad naməlum şəxslər tərəfindən döyülüb.

Rayonun Qaxingiloy kənd sakinləri milliyyətcə gürcü olan 78 yaşlı Qriqor Babuaşvili və onun həyat yoldaşı 80 yaşlı Elo Nuraşvili yaşadıqları evdə naməlum şəxslər tərəfindən döyülüblər. Döyülən ər və arvadın qonşularının verdiyi məlumata əsasən, ahıl şəxslərin iki övladı var. Qızı Rusiyada, oğlu isə Gürcüstanda yaşayır. Qonşuların sözlərinə görə, səhər saat 8 radələrində özünə çətinliklə gələn Elo Nuraşvili sürünərək həyətin qapısına qədər çıxıb və qonşuları səsləyib. Ağır bədən xəsarətləri alaraq huşlarını itirən ər-arvad qonşuların köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Qadın xəstəxanada onu döyən iki şəxsin adını çəkib. Dərhal həmin şəxslər Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə aparılıblar. Ancaq yaşlı qadının huşunun hələki tam yerində olmaması ehtimalına  görə ahıl şəxsləri döyənlərin həmin şəxslərin olub-olmaması dəqiq deyil. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.