• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 18.09.2015 19:13

Ev oğruları Zaqatalada 86 yaşlı qadını döyərək öldürdü

Oxşar hadisə Qax rayonunda da qeydə alındı.

Zaqatalada 86 yaşlı qadın döyülərək qətlə yetirilib. Hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1929-cu il təvəllüdlü  Xanpəri Cahangir qızı Səfərovanın evinə girən maskalı şəxslər onu və həyat yoldaşını hədələyərək pul tələb ediblər. İstədiklərini əldə edə bilməyən maskalılar qadını döyərək öldürüb, ərinə isə xəsarət yetirərək hadisə yerini tərk ediblər. Hazırda polis və prokurorluq əməkdaşları hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.  

Oxşar hadisə Qaxda da yaşanıb. Rayonun Qaxingiloy kənd sakinləri milliyyətcə gürcü olan 78 yaşlı Qriqor Babuaşvili və onun həyat yoldaşı 80 yaşlı Elo Nuraşvili yaşadıqları evdə naməlum şəxslər tərəfindən döyülüblər. Döyülən ər və arvadın qonşularının verdiyi məlumata əsasən, ahıl şəxslərin iki övladı var. Qızı Rusiyada, oğlu isə Gürcüstanda yaşayır. Qonşuların sözlərinə görə, səhər saat 8 radələrində özünə çətinliklə gələn Elo Nuraşvili sürünərək həyətin qapısına qədər çıxıb və qonşuları səsləyib. Ağır bədən xəsarətləri alaraq huşlarını itirən ər-arvad qonşuların köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Qadın xəstəxanada onu döyən iki şəxsin adını çəkib. Dərhal həmin şəxslər Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə aparılıblar. Ancaq yaşlı qadının huşunun hələki tam yerində olmaması ehtimalına  görə ahıl şəxsləri döyənlərin həmin şəxslərin olub-olmaması dəqiq deyil. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Vəfa Şairova