• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1481
— 18.09.2015 18:38

Ölkə ərazisində külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. 

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının sentyabrın 16-da həyata keçirdikləri tədbirlərlə Cəlilabad rayon sakini Şahin Cəfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb. Baxış zamanı bu nəqliyyat vasitəsindən ağır tərkibli narkotik vasitələr olan 19,5 kiloqram tiryək və 830 qram heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən Şahin Cəfərovu və avtomobildə olan Yardımlı rayon sakinləri - Ərəstun İbayev, Elvin Ağayev və Baloğlan Əmrahov şübhəli şəxs qismində saxlanılıblar. İlkin araşdırmalarla sürücü və onun sərnişinlərinin qabaqcadan cinayət əlaqəsinə girdikləri və İran İslam Respublikasından ölkəmizə qaçaqmal yolu ilə keçirilən külli miqdarda narkotik vasitəni qazanc məqsədi ilə satmaq istədikləri müəyyən edilib.  

Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və  məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda da analoji fakt qeydə alınıb. Nizami polisi narkotik maddələrin dövrüyyəsi ilə məşğul olmaqda şüphəli bilinən 47 yaşlı Firuz Əliyevi saxlayıb. Saxlanılan zaman onun üzrərindən 4 kq-dan artıq narkotik maddə olan tiryək aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı məlum olub ki, 47 illik ömrünün 23 ilini həbsxanalarda keçirən Firuz Əliyev narkotik maddəni təsadüfən tanış olduğu İsmayıl adlı şəxsdən aldığını bildirib.

Artıq faktla bağlı cinayət işi açılıb. Saxlanılan Firuz Əliyev narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinir.

Vəfa Şairova